Neftçala rayonunda 2016-cı ilin aprel ayının 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş verən hərbi münaqişənin 7-ci il dönümü anılıb.
"Unikal" xəbər verir ki, anım mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, YAP Neftçala rayon təşkilatının, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, şəhid ailələri, qazilər, qonaqlar və ictimaiyyət nümayəndələri iştirak edib.
İlk öncə Həsənəbad qəsəbəsində yerləşən Şəhidlər parkı, Neftçala şəhəri Şəhidlər Xiyabanında Aprel döyüşləri zamanı şəhid olan Milli Qəhrəman mayor Samid İmanovun, Aşağı Qaramanlı kəndində şəhid gizir Elimdar Səfərovun və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların məzarları ziyarət olunub, önünə çiçəklər düzülüb və ruhlarına dualar oxunub.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov şəhid ailələri ilə görüşüb, onların məişət qayğıları və sosial məsələrilə maraqlanıb.
Məlumat üçün bildiririk ki, İmanov Samid Gülağa oğlu 14 oktyabr 1981-ci ildə Neftçala rayonu Həsənəbad qəsəbəsində doğulub, 1998-2003-cü illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib və Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində müxtəlif vəzifələrdə işləyib. 2016-cı ilin aprel ayında Azərbaycan- Ermənistan təmas xəttində başlayan döyüşlər zamanı 4 aprel 2016-cı ildə qəhrəmancasına şəhid olub və 8 aprel 2016-cı ildə Neftçala şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1966 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə mayor Samid Gülağa oğlu İmanova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Səfərov Elimdar Səlimxan oğlu 26 iyul 1992-ci ildə Yardımlı rayonunda anadan olub və 1993-cü ildə ailəsi ilə birlikdə Neftçala rayonu Aşağı Qaramanlı kəndinə köçüblər. 2016-cı ilin aprel ayında Azərbaycan- Ermənistan təmas xəttində başlayan döyüşlər zamanı 2 aprel 2016-cı ildə qəhrəmancasına şəhid olub və 4 aprel 2016-cı ildə Neftçala rayonu Aşağı Qaramanlı kənd qəbiristanlığında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Səfərov Elimdar Səlimxan oğlu "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunub.