UNEC rektoru professor Ədalət Muradov universitetdə təlim keçəcək Türkiyənin aparıcı universitetlərinin professor-müəllim heyəti ilə görüşüb.
"Unikal" xəbər verir ki, Hacettepe, İstanbul, Ankara, Yıldız Texniki, Qazi, Artvin Çoruh, Ostim Texnik universitetlərinin professor-müəllim heyəti ilə görüşən rektor onlara universitetin hədəfləri barədə məlumat verib. UNEC-də müəllimlərin pedaqoji keyfiyyətlərinin artırılması üçün mütəmadi olaraq beynəlxalq təcrübənin öyrənildiyini bildirib. İndiyədək xarici universitetlərin mütəxəssislərinin iştirakı ilə 187 yeni fənn üzrə 1700-ə yaxın onlayn təlimin keçirildiyini və 732 əməkdaşın təlimləri uğurla bitirdiyini diqqətə çatdırıb. Rektor ilk dəfə olaraq keçiriləcək ənənəvi təlimlərin pedaqoji heyətin yeni biliklər əldə etməsində, beynəlxalq təcrübənin tətbiqi istiqamətində faydalı olacağından əminliyini ifadə edib.
Sonra türkiyəli professorlar UNEC-in tədris prosesi, infrastrukturu, müasir standartlara cavab verən laboratoriyaları barədə təəssüratlarını bölüşərək, yaradılan şəraiti yüksək qiymətləndiriblər. Türkiyəli qonaqlar UNEC-də tədris olunacaq 10 yeni fənn üzrə təlimlərə və mühazirə dərslərinə aprelin 3-dən start verildiyini bildiriblər.
Görüşdə universitetlərarası əməkdaşlıq, birgə məqalələrin yazılması, layihələrin hazırlanması, beynəlxalq əlaqələrin genişləndirilməsi, eləcə də akademik mübadilə istiqamətində müzakirələr aparılıb.
Təlimlər aprelin 8-dək davam edəcək.