Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rəhbərliyi və bir qrup əməkdaşı Şamaxı rayonunda olublar.
"Unikal" xəbər verir ki, nümayəndə heyəti Şamaxıya səfər çərçivəsində Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinə baş çəkiblər. Bildirilib ki, üzümçülük və şərabçılıq kompleksinin ümumi sahəsi 310 hektardır. Kompleksin ərazisində sahəsi 4398 kvadratmetr olan şərab zavodu müasir texnologiya ilə inşa edilib və Fransanın “Pera” şirkətinin avadanlıqları ilə təchiz olunub. Müəssisənin hədəfi illik 1,4 milyon litr şərab istehsalına nail olmaqdır. Həmçinin regionun turizm potensialını da nəzərə alaraq kompleksə turist turlarının təşkil olunması və nəticədə ölkəmizdə şərabçılıq turizminə töhfə vermək də müəssisənin qarşıya qoyduğu məqsədlərdəndir. Bu məqsədlə ərazidə şərab muzeyi və restoran binası, terras istifadəyə verilib, qonaqlar üçün avtodayanacaq və qonaq evi tikilib. Uşaqlar üçün əyləncə zonası da yaradılıb.
Sonra ADAU rəhbərliyi ilə “Şirvan şərabları” MMC-nin rəhbər heyəti arasında görüş keçirilib. Görüşdə birgə əməkdaşlıq perspektivləri, müəllim-tələbə mübadiləsi və digər məsələlər müzakirə olunub. Sonda ADAU-nun rektor vəzifəsini icra edən Zəfər Qurbanovla “Şirvan şərabları” MMC nin baş direktoru Orxan Məlikov arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.
Şərabçılıq kompleksi ilə tanışlıqdan sonra Şamaxı Regional Kollecində olan ADAU rəhbərliyi kolleclə tanış olub, gələcəkdə birgə həyata keçirilə biləcək layihələrdən söz açıb.
Daha sonra Ağsuya yola düşən universitetin nümayəndə heyəti Ağsu rayonunda 14 hektar ərazini əhatə edən “AZGRANATA” Şirə və Şərab emalı zavodunda olublar.
Burada zavodun meyvə qəbulu, meyvə şirəsi emalı, tetra pak dolumu və qablaşdırılması, şüşə dolum və qablaşdırma, kompot istehsalı bölmələri ilə tanış olublar. Onlara məlmat verilib ki, 2011- ci ildə fəaliyyətə başlayan “AZGRANATA” MMC Cənubi Qafqazın ən böyük alkaqollu və alkaqolsuz içkilər istehsalçılarından biridir. Dünya standartlarına cavab verən müasir avadanlıqlarla təchiz olunmuş zavod konservanstız təbii meyvə şirələri, konsentrantları, kompotları, limonadları ilə yanaşı şərab və araq məhsulları istehsal edir.
Tanışlıqdan sonra “AZGRANATA” MMC-nin rəhbərliyi ilə görüşən ADAU rəhbərliyi birgə əməkdaşlıq məsələləri haqqında müzakirələr aparıb. Sonda “AZGRANATA” MMC-nin İdarə Heyətinin sədri Ceyhun Bəxtiyarlı ilə ADAU-nun rektor vəzifəsini icra edən Zəfər Qurbanov arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.