Bu il iyulun 1-dən etibarən Qazaxıstanda dördgünlük iş həftəsi tətbiq ediləcək.
"Unikal" Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, respublikanın Əmək Məcəlləsinə müvafiq dəyişikliklər edilib, ölkə Prezidenti Kasım-Jomart Tokayev bu dəyişiklikləri bəyənib.
Qazaxıstan Respublikası əmək qanunvericiliyinə edilən yeniliklərin məqsədi ölkə sakinlərinin istirahət etmələri üçün onlara daha çox vaxt verməkdir. Əmək Məcəlləsində beşgünlük və altıgünlük iş həftələri də nəzərdə tutulub. Qeyd edilir ki, iş həftəsinin müddəti tərəflər arasında razılaşmaya əsasən müəyyən olunur. Bəzi təşkilatlarda beşgünlük və altıgünlük iş həftələri növbələşdirilə bilər.
İş həftəsinin uzunluğundan asılı olmayaraq bazar günü ümumi istirahət günüdür. Beşgünlük və altıgünlük iş həftəsində ikinci və üçüncü istirahət günləri kollektiv müqaviləyə və ya əmək intizamı qaydalarına əsasən müəyyən olunur. Dördgünlük, beşgünlük və altıgünlük iş həftələrində iş günündən əlavə iş müddəti ayda 12 saatdan çox, iş vaxtının məcmu uçotu müəyyən edilən hallarda isə ildə 120 saatdan çox olmamalıdır.