Şamaxı İncəsənət Təhsili Mərkəzinin əməkdaşı Sevda Quliyeva (ad-soyad şərtidir) iş yerini və iş yoldaşlarını məhkəməyə verib.
"Unikal"ın əldə etdiyi məlumata görə, o, məhkəməyə Mərkəzin əməkdaşları Samirə Abzarova və Xanım Məmmədova barəsində Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) şikayət verib.
S.Quliyeva çalışdığı Mərkəzlə arasında ziddiyyət yarandığından, iş yerini də məhkəməyə verdiyini, lakin bu məsələnin uzadıldığını qeyd edib.
O şikayətində bildirib ki, Samirə Abzarova və Xanım Məmmədova barəsində şikayət verməsinin səbəbi ona böhtan atılmasıdır:
"İş yerimlə aramda problem yaranıb. Buna görə müvəqqəti olaraq işdən kənarlaşdırılmışam. Adlarını qeyd etdiyim qadınlar isə bundan istifadə edərək məni gözdən salmağa çalışıblar. Belə ki, onlar mənim rüşvət aldığımı və guya iş yerində başqa bir nəfərlə əxlaqsız hərəkətlər etdiyimi deyiblər. Onlar bu şər-böhtanları izahat şəklində yazaraq Mədəniyyət Nazirliyinə də göndəriblər. Samirə Abzarova və Xanım Məmmədova mənə vurduqları mənəvi ziyanı ödəməlidirlər və onların hər birindən 50 min manat tutulmalıdır", - deyə o şikayətində qeyd edib.
Məhkəmə isə öz növbəsində xüsusi ittiham qaydasında verilən şikayətlə bağlı cinayət işinin başlanmasından imtina edib.
Murad İbrahimli