Himayədar ailənin götürəcəyi uşaq sayına qoyulan məhdudiyyət məsələsinə aydınlıq gətirilib.

"Unikal"ın məlumatına görə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli səsləndirilən suallara cavabında bildirib ki, say məhdudiyyəti olmasa, ailə evi müəssisəyə çevirə bilər.

Nazir müavini diqqətə çatdırıb ki, himayədar ailə institutunun əsas məqsədi uşaqların müəssisələrə düşməsinin qarşısını almaqdır: “Biz himayədar ailəyə verilən uşaq sayını məhdudlaşdırmasaq, hesab edirik ki, uşaq sayında artım ola bilər. Misal olaraq, bir ailə 10-15 uşaq himayəyə götürmək istəyə bilər. Bu da faktiki olaraq ailənin müəssisəyə çevrilməsinə gətirib çıxaracaq. Bununla da ana hədəfimizdən yayınmış olacağıq. Yenə də uşağı ailə mühitində böyüdə bilməyəcəyik”.

O əlavə edib ki, himayədar ailəyə verilən uşaqların əlavə idman və digər fəaliyyət növlərinə cəlb olunması maraqlı ideyadır: “Nazirliyin bu sahədə böyük rolu olacaq. Valideyn himayəsindən məhrum olan və aztəminatlı ailələrin uşaqlarını maksimal şəkildə sosial tədbirlərə cəlb etməyə çalışırıq".

Anar Kəlbiyev