Estoniyanın Tallin şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əbədilik” adlı təntənəli konsert keçirilib.
"Unikal" xəbər verir ki, tədbir Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, Azərbaycanın Estoniyadakı səfirliyinin və Tallindəki Azərbaycan Evinin təşkilatçılığı ilə “Konsert Di Saal” konsert salonunda baş tutub.
Azərbaycanın Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunan konsertin əsas məqsədinin Azərbaycan mədəniyyətini və ölkəmizin milli musiqi incilərini Avropa İttifaqının üzvü Estoniyada geniş təbliğ etmək olduğunu vurğulayıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəqil dövlətimizin güclənməsi və inkişafı naminə göstərdiyi misilsiz və əvəzsiz xidmətlərindən danışıb, onunla bağlı xatirələrini bölüşüb. Komitə sədri keçirilən tədbirin iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə vermək məqsədi daşıdığını diqqətə çatdırıb.
Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Rina Solman xalqımızın ümummilli liderinin 100 illik yubileyinin Tallində qeyd olunmasını iki ölkənin tarixi baxımından mühüm hadisə adlandırıb, möhtəşəm musiqi gecəsinin ölkələrimiz arasında mədəni əlaqələrin daha da inkişafına və eston tamaşaçısının Azərbaycan milli musiqisi ilə yaxından tanış olmasına xidmət etdiyini bildirib.
Sonra konsert proqramı təqdim edilib.