Vətəndaş müraciətlərinin operativ həlli ilə bağlı verilmiş göstərişlərə uyğun olaraq Abşeron rayonunda vətəndaş qəbullarının keçirilməsi davam etdirilib.
"Unikal" xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında, o cümlədən rayonun Saray, Masazır, Hökməli, Fatmayı, Görədil, Ceyranbatan, Güzdək, Pirəkəşkül, Novxanı kənd və qəsəbələrində keçirilən səyyar qəbullarda RİH-nin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və sakinlər iştirak ediblər.
Görüşlərdə Abdin Fərzəliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə elan edilmiş “Heydər Əliyev İli” çərçivəsində rayonda həyata keçirilən tədbirlər barəsində geniş məlumat verərək qeyd etmişdir ki, bu gün ölkəmizin əldə etdiyi bütün uğurların əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ümummilli Lideri xalqımızın böyük sevgi, məhəbbət və hörmətlə yad etdiyini söyləyən RİH başçısı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan torpaqlarımıza soydaşlarımızın artıq qayıtmağa başladığını, bu ilin yay aylarında laçınlıların da öz dədə-baba yurdlarına dönəcəyini vurğulamışdır. Həmçinin Azərbaycan-Ermənistan sərhəddində, Laçın dəhlizinin başlanğıcında sərhədçilərimizin qurduğu Nəzarət Buraxılış Məntəqəsinin əhəmiyyətindən danışılmışdır.
Qəbullarda sakinlər tərəfindən qaldırılan bir sıra məsələlər yerində həll olunmuş, digərlərinin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilmişdir.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar “Rəqəmsal İcra Hakimiyyəti” (https://rih.gov.az) portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.