Belçikada itkin düşən Azərbaycan vətəndaşı Nizami Məmmədovun yeri müəyyən edilib.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycanın Belçikadakı Səfirliyindən məlumat verilib.
Bildirilib ki, 5 may 2023-cü il tarixində Azərbaycan Respublikasının vətəndaşı, 1989-cu il təvəllüdlü Nizami İbrahim oğlu Məmmədovun qohumları tərəfindən onun Belçikanın Brüssel şəhərində olduğu və yardıma ehtiyac duyduğu barədə Azərbaycan Respublikasının Belçikadakı Səfirliyinə məlumat daxil olub.
“Bununla bağlı səfirlik tərəfindən N.Məmmədov ilə telefonla dərhal əlaqə saxlanılıb, may ayının 6-da onunla səfirlikdə görüş keçirilib, ona müvafiq dəstək göstərilib. Onun davranışı və danışıq tərzi onu deməyə əsas verib ki, həmin vaxtı o, psixoloji cəhətdən əsəbi və həyəcanlı idi. Söhbət zamanı N.Məmmədov səfirlik əməkdaşlarına bildirib ki, o, qohumlarının yanına, Azərbaycana qayıtmaq istəmir.
N.Məmmədovun qohumları ilə Səfirlik tərəfindən aparılmış telefon söhbəti zamanı onlar onun Azərbaycana göndərilməsi ilə bağlı səfirlikdən köməklik göstərilməsini xahiş ediblər.
Bunu nəzərə alaraq, səfirlik tərəfindən Belçika polisinə müvafiq müraciət edilib. Ardınca Belçika polisinin işçiləri səfirliyə gələrək N.Məmmədovun Belçika ərazisinə bir müddət əvvəl Ukraynadan gəlib hazırda burada qanuni əsasda yaşamasını müəyyən edib və Azərbaycana qayıtmaq istəməməsinə görə onu məcburi şəkildə deportasiya edilə bilinmədiyini qeyd ediblər.
Daha sonra səfirlik əməkdaşları ilə söhbətin davamı zamanı N.Məmmədov ilkin fikrini dəyişərək Azərbaycan getməyə razılıq verdiyini bildirib.
Qeyd olunan məlumat Səfirlik tərəfindən N.Məmmədovun qohumlarına bildirilib və ailə üzvlərinin ən qısa müddət ərzində Brüsselə gəlib onun vəziyyətini nəzərə alaraq, onu qohumlarının müşayiətilə Azərbaycana aparılması tövsiyə olunub. Bundan sonra N.Məmmədov Səfirlik tərəfindən Brüsseldə mehmanxanaya yerləşdirilib.
Daha sonra Səfirlik N.Məmmədovun qohumları tərəfindən məlumatlandırılıb ki, mayın 7-də onların Niderlandda yaşayan ailə tanışı N.Məmmədovu Brüsseldəki mehmanxanadan götürərək Niderlanddakı evinə apararaq həmin ölkənin xəstəxanalarının birinə yerləşdirilib və tibbi müayinədən sonra N.Məmmədov xəstəxanadan buraxılıb.
Təəssüflər olsun ki, bundan sonra Səfirlik tərəfindən N.Məmmədov ilə telefon əlaqəsi saxlamaq mümkün olmayıb.
N.Məmmədova dair növbəti məlumata əsasən, onun Niderlandın Eyndhoven şəhərində olması müəyyən olunmuş və məsələ ilə bağlı Azərbaycanın Niderlanddakı Səfirliyinə də məlumat verilib. N.Məmmədovun tapılması ilə bağlı həm Belçika, həm də Niderland polisinə müvafiq qaydada müraciətlər edilmiş və N.Məmmədov hər iki ölkənin polisi tərəfindən itkin düşmüş şəxs kimi axtarış elan olunub.
May ayının 15-də Səfirliyə daxil olmuş məlumata görə, N.Məmmədovun qaldığı yer artıq müəyyən olunub. Məlumata əsasən, o, hal-hazırda Belçikada qanunsuz miqrantların saxlanılması mərkəzindədir və Səfirliyimizin əməkdaşı orada onunla görüşüb. Səfirlik tərəfindən N.Məmmədovun qohumlarına yenidən bildirilib ki, onun Azərbaycana qayıtmaq fikri qüvvədə qaldığı halda, onun qohumlarının təcili şəkildə Belçikaya gəlib, onu Azərbaycana müşayiət edərək aparması zəruridir”, - məlumatda qeyd olunub