Tovuzda gənc qadın doğuşdan bir qədər sonra dünyasını dəyişib.
"Unikal"ın bölgə müxbiri xəbər verir ki, rayonun Yanıqlı kənd sakini 21 yaşlı hamilə qadın Aygün Nəcəfova Tovuz Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Lazımı tibbi proseslərdən sonra xəstə keysəriyyə üsulu ilə əməliyyata götürülüb. Mama-ginekoloq olan Xatirə Quliyevanın iştirak etdiyi əməliyyat prosesi uğurlu həyata keçirilib və 2800 qram çəkidə cinsi kişi olan körpə dünyaya gəlib. Həkim daha sonra xəstənin yaxınlarına körpə və ananın vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər. Bir neçə saatdan sonra isə təkrar əlaqə zamanı artıq gənc ananın dünyasını dəyişməsi barədə ailəyə məlumat verilib.
TƏBİB-dən bildirilib ki, 14.06.2023-cü il tarixində saat 22:00 radələrində keysəriyyə kəsiyi əməliyyatı fəsadsız baş tutub. 15.06.2023-cü il tarixində pasiyentin təkrar analiz nəticələrində dəyişikliklər aşkar olunub və ona HELLP sindromu diaqnozu qoyulub. Aparılan adekvat tədbirlərə baxmayaraq, zahı qadında ağciyər, ürək çatışmazlığı baş verib və 19:28 radələrində bioloji ölüm qeydə alınıb. Aygün Nəcəfovanın dünyaya gətirdiyi körpənin vəziyyəti qənaətbəxş qiymətləndirilib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Tural Əhmədov