"Bu ilin geridə qalan aylarında əhalinin banklardakı depozitlərinin aylıq həcmində 2 dəfə azalma qeydə alınıb. İlk hal bu ilin fevral ayında baş verdi. Belə ki, depozit məbləği 27 milyon manat azaldı".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, bu 2021-ci ilin avqust ayından sonra ilk azalma idi:
"Əhalinin banklarda olan əmanətlərinin azalması ötən ayda da qeydə alınıb. Avqustun ayının 1-nə olan məlumata görə, ümumi əmanətlərin həcmi əvvəlki ay ilə müqayisədə 43.3 milyon manat azalaraq 12 milyard 705 milyon manata düşüb. Banklardakı depozit gəlirlərinin ferval ayından etibarən vergiyə cəlb edilməsi də əmanətlərin həcminə təsir göstərir. Doğrudur, xərcləmələr, eləcə də real sektora sərmayələr və mövsümü faktorlar da öz təsirlərini saxlamaqdadır. Əmanətlərin daha çox cəlbi real sektorun maliyyələşdirilməsi və kredit faizlərinin aşağı salınması baxımından əhəmiyyətlidir. Bu baxımdan, əmanət porfelinin dayanıqlı artımına nail olmaq çox vacibdir".
Deputat qeyd edib ki, Vergi Məcəlləsinə dəyişiklik edilərək əmanətlər üzrə differensial vergi güzəşti tətbiq olunsun:
"Təklif edirik ki, qorunan əmanətlər eyni zamanda vergidən azad olunsun. Bu halda, 100 min manatadək əmanətlər 10 faizlik gəlir vergisindən azad oluna bilər ki, bu da depozit yığımlarını stimullaşdıraraq daha da artırar. Son dinamika bir daha təsdiq edir ki, vətəndaşların passiv vəsaitlərinin banklar vasitəsi ilə real sektora yönəldilməsi üçün differensial vergi güzəştinin tətbiqinə ehtiyac var. Bu həmçinin evlərdə saxlanan pulların depozitə çevrilərək vətəndaşlarımızın gəlir əldə etməsinə də imkan yaradar".
Seymur Əli