Xəbər verdiyimiz kimi, Qırğızıstanda "TikTok"un fəaliyyətinin dayandırılması ilə bağlı qərar verilib. Bundan əvvəl isə Hindistan, İndoneziya və başqa bir neçə ölkə adıçəkilən sosial şəbəkənin fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul ediblər. Norveç, Avstriya, Belçika, Fransa, Danimarka və digər bir neçə Avropa ölkəsi hökumət nümayəndələrinin "TikTok"dan istifadəsini qadağan edib. Bəzi ölkələrdə isə hökumət rəsmilərinə bu sosial şəbəkədən istifadə etməmək tövsiyə olunub.
Bəs görəsən, Azərbaycanda "TikTok"un istifadəsi qadağan oluna bilərmi?
İKT üzrə ekspert Elvin Abbasov "Unikal"a bildirib ki, hər bir sosial şəbəkə özünəməxsus yeniliklə çıxış edir və onu digər sosial şəbəkələrdən fərqləndirəm amillər olur. Onun sözlərinə görə, bu yanaşmalarına görə də həmin sosial şəbəkənin seqmenti formalaşır:
""TikTok" təəssüflər olsun ki, Azərbaycanda özünün təyinatına uyğun seqment əldə edə bilmir. Təbii ki, hər bir sosial şəbəkənin ölkəyə faydası onun içindəki faydalı kontentdir. Hər bir sosial şəbəkədə insanların maraqlarını əhatə edən faydalı kontent olmalıdır. "TikTok"la bağlı əsas məqam ondan ibarətdir ki, bu sosial şəbəkə maraqlı kontentin yaradılması istiqamətində Azərbaycanda, ümumiyyətlə, Qafqazda tam olaraq özünü göstərə bilmir. Hətta ölkəmiz üzrə 10 faiz faydalı kontent olduğuna şübhə edirəm. Daha çox faydasız kontent, işlər və məlumatlar, həmçinin, cəmiyyətə zərərverən hallar baş verir. "TikTok"un alqoritmi icazə verir ki, heç bir işi-gücü, biliyi olmayan insanlar orada müxtəlif cəlbedici hərəkətlər edərək insanlar tərəfindən rəğbət qazansınlar və ona hədiyyələr atılsın. Heç bir savadı olmayan insan orada məşhurlaşır və pul qazanr. Düşünürəm ki, bu bir ölkənin təhsilinə və gələcəyinə vurulmuş zərbədir. Belə ki, heç bir biliyi, işi olmayan ora daxil olur, bir-birilərini təhqir edərək və ya qeyri-etik hərəkətlər etməklə yarışırlar, insanlar isə onlara hədiyyələr atır. Sonradan həmin hədiyyəni pula çevirərək maddi qazanc əldə edirlər. Bu, qəbuledilməzdir və başa düşülən deyil".
Ekspert qeyd edib ki, bir neçə səbəbdən Qırğızıstan və başqa ölkələrdə "TikTok"a məhdudiyyət tətbiq edilir və ya edilməsi müzakirə olunur: "Heç bir faydalı kontentin formalaşmadığı sosial şəbəkənin ölkəyə bir neçə istiqamətdə ancaq ziyanı ola bilər. Biz sosial şəbəkələrin, eləcə də "TikTok"un bağlanmasının tərəfdarı deyilik. Azərbaycan daha çox internet resurslarına əlçatanlıq üçün iş aparılır. Amma "TikTok" regionumuzda, eləcə də Azərbaycanda insanların faydalı kontent formalaşdırmasında, maarifləndirici işlər görməsi üçün daha çox iş aparmalıdır. "TikTok" ölkənin təhsilinə, milli-mentalitetinə mənfi təsir göstərməli deyil. Təbii ki, ifrat dərəcədə ziyanlar olsa, cəmiyyət özü bu şəbəkənin bağlanmasını istəyəcək. Belə halda Azərbaycanda da bağlanma təhlükəsi ola bilər.
Buna görə də "TikTok"a tövsiyə olunur ki, Azərbaycanda insanların faydalı kontentləri formalaşdırması üçün sosial tədbirlər, layihələr həyata keçirsin. İnsanlar "TikTok"u təyinatı üzrə və faydalı məlumat əsasında istifadə etsinlər. "TikTok"un hazırkı alqoritmi savadı olmayan insanların orada qeyri-etik hərkət etməsi ilə onlara pul qazandırırsa və cəmiyyətdə bu tip insanları tanınmış şəxsə çevirirsə, təbii ki, "TikTok" ölkəmizin təhsilinə, cəmiyyətin əxlaqına zərər vermiş olacaq. Ümid edirik ki, "Tik- Tok" Azərbaycanda düzgün siyasət aparacaq, cəmiyyətə mənfi təsirinin və reputasiyasının düzəldilməsində ciddi işlər aparacaq, ölkəmizdə daha faydalı fəaliyyət aparması üçün sosial layihələr həyata keçirəcək".
Anar Kəlbiyev