Bir sentyabrda Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dünya Robot Olimpiadası Assosiasiyası və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) birgə təşkilatçılığı ilə Milli Gimnastika Arenasında VI Robot Olimpiadasının açılış mərasimi olub.
“Unikal” xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov bu olimpiadanın nazirliyin dəstək verdiyi və uğurlu nəticələrinə etimad göstərdiyi tədbirlərdən biri olduğunu vurğulayıb.
Nazir müavini həmçinin əlavə edib ki, bu olimpiada gənclər üçün bir sınaq meydanı olmaqla yanaşı, həm də təcrübə mübadiləsi və konstruktiv müzakirə üçün səmərəli platforma olacaq.
Olimpiadada 8 yaşdan 19 yaşadək yeniyetmə və gənclər 4 kateqoriya (“Robomission”, “Robosports”, “Future innovators”, “Future engineers”) üzrə yarışacaqlar.
Ümumilikdə bu kateqoriyalar üzrə respublikanın 20 rayon və şəhərindən 249 komanda qeydiyyatdan keçib. Qeydiyyatdan keçən komandaların hazırlıq səviyyəsi ilə bağlı monitorinqlər aparılıb və final mərhələsində 160 komanda iştirak etmək hüququ qazanıb.
Finala vəsiqə qazanmış komandalara həmçinin Qusar Olimpiya İdman Kompleksində layihələrini inkişaf etdirmələri üçün yay düşərgəsi təşkil edilib. Düşərgə müddətində gənclər üçün müxtəlif interaktiv təlimlər təşkil edilib.
Qeyd edək ki, 3 sentyabra kimi davam edəcək olimpiadada qalib olacaq komandalar cari ilin 7-9 noyabr tarixlərində Panama Respublikasında keçiriləcək Dünya Robot Olimpiadasında ölkəmizi təmsil edəcəklər.