Qusar rayonunda meliorativ tədbirlər görülür.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov "Unikal"a bildirib ki, ölkəmizin bütün bölgələrində olduğu kimi, Qusar rayonunda da əkin və bağ sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Hazırda rayonda yaz-yaz suvarma mövsümü davam edir. Fermer və təsərrüfat sahiblərini vaxtında su ilə təmin etmək məqsədi ilə Qusar Suvarma Sistemləri İdarəsi tərəfindən torpaq məcralı kanallar lil və kol-kosdan təmizlənir. Cari ildə 2250 min kubmetr lildən təmizləmə işləri görülüb və bu proses davam etdirilir.
Yeni suvarma mövsümünə hazırlıq məqsədi ilə görülən işlərdən biri də torpaq kanalların beton üzlüyə alınmasıdır. Bu da öz növbəsində su istehlakçılarını vaxtında və itkisiz suvarma suyu ilə təmin etməyə imkan verir. Cari ildə Qusar rayonunda 2 min metr torpaq məcralı kanalın beton üzlüyə alınması nəzərdə tutulub. Bununla yanaşı rayon ərazisindən keçən çayların daha çox təhlükə gözlənilən hissələrində daşqın və selə qarşı mübarizə tədbirləri görülərək, çay məcraları tənzimlənir, sahilqoruyucu və su istiqamətləndirici bəndlər qurulur.
Vaxtında görülən meliorativ tədbirlərin nəticəsidir ki, artıq əvvəllər yaşanan problemlər aradan qalxıb. Hazırda təsərrüfat sahibləri sahalərini suvarmaqda heç bir çətinlik yaşamırlar. Bu da öz növbəsində daha çox məhsul istehsalına zəmin yaradır.
Qeyd edək ki, Qusar rayonunda 29 min 300 hektar suvarılan ərazi mövcuddur. Bu sahələr 1579 km uzunluğunda olan kanallar vasitəsi ilə suvarılır. Bu kanalların 1381 km-i torpaq, 187 km-i isə beton məcralıdır.