19 iyul 2023-cü il tarixində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) alimlərinin “Ştanqlı dərinlik nasosunun işləməsi zamanı lay mayesinin sızmasının diaqnostikası üsulu” adlı ixtirası Avrasiya Patent Təşkilatının Avrasiya Patent Agentliyi tərəfindən ayın patenti seçilərək birinci yerə layiq görülüb.
"Unikal" xəbər verir ki, neft quyularında dərinlik nasoslarının vəziyyətinin operativ monitorinqi sabit neft hasilatı üçün zəruri şərt olduğundan avadanlığa nəzarət üsullarının təkmilləşdirilməsi sahəsində əsl texnoloji yarış gedir. Avadanlıqların mövcud olan monitorinqi üsullarının əksəriyyəti böyük məsrəf tələb edən həcmli və mürəkkəb hesablamalar əsasında qurulmuş və nəticədə onlar vasitəsilə diaqnostik parametrlərin yalnız təxmini dəyərlərini əldə etmək mümkün olur. Məhz Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun alimlərinin Avrasiya patenti ilə qorunan yeni “Ştanqlı dərinlik nasosunun işləməsi zamanı lay mayesinin sızmasının diaqnostikası üsulu” adlı ixtirası neft hasilatı avadanlıqlarının vəziyyətinə nəzarət prosesini maksimal dərəcədə sadələşdirməyə imkan verir.
Təklif edilən və patentləşdirilən üsul boruların ağzında temperaturun ölçülməsi, quyunun axın xəttində təzyiq və lay təzyiqi əsasında lay mayesinin sızmasını hesablamağa imkan verən daimi alqoritmə əsaslanır. İşlənmiş üsul öz sadəliyi ilə diaqnostik parametrlərin ölçülməsinin dəqiqliyini artırmağa imkan verir və nasos aqreqatlarında əlavə mürəkkəb avadanlıqların quraşdırılmasını tələb etmir. Neft quyularının lay təzyiqini saxlayan nasos qurğusunda sızmalar bu üsuldan istifadə etməklə avtomatik olaraq aşkarlana bilər.
Qeyd edək ki, patentin müəllifləri İSİ-nin baş direktoru, akademik Əli Abbasov, professor Abbas Rzayev, dosent Rəna Əsədova və t.ü.f.d. Zəfər Qurbanovdur.
Ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz: https://www.eapo.org/ru/index.php?newspress=view&d=1726