Böyük oyundan sonra bütün diqqət sabahkı matça yönəlib. Belçika ilə görüşü yaxşı keçirmişdik. İordaniyanın çıxışlarını izləmişəm. Maraqlı mübarizə olacaq.
"Unikal" xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Cenni de Byazi sentyabrın 12-də Bakıda İordaniya yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunundan öncə mətbuat konfransında deyib.
Asiya təmsilçisinin rəqib seçilməsinin səbəbini açıqlayan italiyalı mütəxəssis İordaniyanın çox yaxşı komanda olduğunu bildirib: "FIFA reytinqində bizdən 40 pillə irəlidədirlər. Serbiya ilə oyunda öndə olsalar da, son anda məğlub oldular. Variantımız bu komanda idi, biz də seçdik”.
“AVRO 2024”-ün seçmə mərhələsində evdə Belçikaya 0:1 hesabı ilə uduzduqları matça da toxunan italiyalı mütəxəssis məğlubiyyətə baxmayaraq, komandasının həmin görüşdə yaxşı təsir bağışladığını vurğulayıb: "Belçikaya uduzmağımızın səbəbi qarşımızda çox güclü rəqibin olması idi. Əllərinə düşən bir şansdan maksimum yararlandılar. Buna baxmayaraq, komandamın çıxışından razı qaldım. Kollektiv şəkildə yaxşı oynadıq. Oktyabrdakı rəsmi görüşlər öncəsi bizi vacib sınaq gözləyir. Gələn ay kimlərin heyətdə yer alıb-almayacağı da sabahkı qarşılaşmadan asılı ola bilər”.
Qeyd edək ki, "Dalğa Arena"da keçiriləcək Azərbaycan - İordaniya oyunu saat 20:00-da start götürəcək.