Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları səbəbindən Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrliyində körpünün uçması barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, hadisə ilə əlaqədar dərhal FHN-in Şimal Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

İlkin məlumata əsasən, xilasedicilər tərəfindən xüsusi vasitələrdən istifadə olunmaqla 2 nəfər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

***09:27

İntensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qüdyalçay üzərində yerləşən və 1974-cü ildə inşa edilmiş avtomobil körpüsündə çökməyə səbəb olub.

"Unikal" xəbər verir ki, dərhal əraziyə Azərbaycan Avtomobvil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub. Ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb.

Təbii fəlakət nəticəsində dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.

Sürücülər alternativ olaraq Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisindən istifadə edə bilərlər.