Oktyabrın 1-nə keçən gecə Ukraynanın cənubunda azı 15 ədəd İran istehsalı “Şahid” dronları məhv edilib. Onlardan 14-ü Odessa, 1-i Mıkolayiv vilayətində zərərsizləşdirilib.

"Unikal" “Ukrayinska Pravda”ya istinadən xəbər verir ki, bu barədə “Cənub” müdafiə qüvvələrinin sözçüsü Nataliya Humenyuk “Vahid xəbərlər”in yayımında bildirib.

Onun sözlərinə görə, ölkənin cənub bölgələri hücuma məruz qalıb, qarışıq tip dron hücumu həyata keçirilib.

İşğalçı qüvvələr marşrutları qarışdırmaq və maksimal dərəcə HHM sistemini yükləməyə çalışıblar. Humenyuk qeyd edib ki, qarşı tərəf Mıkolayiv vilayətində anbar ərazisinə zərbə endirə bilib. Orada qalıqların ayırd edilməsi və yanğının söndürülməsi istiqamətində işlər aparılır, lakin zərərçəkmişlər barədə məlumat daxil olmayıb.

Humenyuk vurğulayıb ki, Rusiya qüvvələri ballistik raket zərbələri endirməyə davam edir.