Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları xüsusi əməliyyat zamanı respublikanın bir sıra regionlarında mütəşəkkil cinayətkar qrupların 72 üzvünü saxlayıblar.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.

"Oktyabrın 5-də Milli Təhlükəsizlik Komitəsi polislə birlikdə və Baş Prokurorluğun koordinasiyası ilə eyni vaxtda Jetısu, Cambıl və Türküstan vilayətlərində xüsusi əməliyyat keçirib. Nəticədə qanunsuz silah və narkotik vasitələri saxlamaq, hədə-qorxu ilə tələb etmək, qanunsuz miqrasiya kanalları təşkil etmək və digər ağır cinayətlər törətməkdə şübhəli bilinən 72 qrup üzvü istintaqa cəlb edilib", - deyə məlumatda bildirilir.

İdarədən verilən məlumata görə, qruplar fəaliyyətlərini Çin və Qırğızıstanla sərhəd rayonlarda həyata keçirib.