Bakıda və Abşeron yarımadasında noyabrın 16-da gün ərzində cənub küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi, 17-də isə şimal-qərb küləyinin 15-20 m/s, səhər arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən "Unikal"a verilən məlumata görə, noyabrın 17-də gündüz bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.
Azərbaycanın rayonlarında noyabrın 17-də şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Şərqi Zəngəzur, Qarabağ, Qazax-Gəncə, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Qərb küləyinin arabir 15-20 m/s, noyabrın 17-də gecə və səhər ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.
***
Noyabrın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Unikal"a bildirilib ki, havanın temperaturu gecə 11-15° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.
Havanın temperaturu gecə 7-12° isti, gündüz 18-23° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.