Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov dekabrın İsveçrənin Cenevrə şəhərində keçirilən BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal (UDİ) üzrə İşçi Qrupunun 44-cü sessiyasında çıxış edib.
"Unikal" xəbər verir ki, Azərbaycanın 10 milyonluq əhalisinin 10 faizini məcburi köçkünlər təşkil edir. 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyi bərpa edilib, soydaşlarımızın təhlükəsiz, ləyaqətlə və könüllü şəkildə doğma yurdlarına qayıtmasına şərait yaranıb.
İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış – dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya Azərbaycanın 2030-cu ilə kimi icra edilməli olan sosial-iqtisadi inkişafının beş milli prioritetindən biri kimi elan edilib. Milli Prioritetlərin həyata keçirilməsini təmin etmək məqsədilə və “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”nın davamı olaraq Azərbaycan hökuməti tərəfindən “İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış” Dövlət Proqramının icrasına başlanılıb.
Diqqətə çatdırılıb ki, hazırda Azərbaycan dövlətinin qarşısında işğaldan azad edilmiş ərazilərin bərpası, davamlı inkişafı və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması kimi şərəfli vəzifə durur. İşğaldan azad edilmiş ərazilərin yenidənqurulması zamanı “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl zona” konsepsiyalarına üstünlük verilir. Hökumətin yorulmaz səyləri sayəsində Ermənistanın 30 illik hərbi işğalında görünməmiş vandalizmlə üzləşmiş ərazilərə indi həyat qayıdır – “Böyük Qayıdış” Proqramının icrası çərçivəsində artıq 3000 mindən çox keçmiş məcburi köçkün doğma torpaqlarına qayıdıb. Qarşıdakı illərdə Şuşa şəhəri də daxil olmaqla, ümumilikdə 100-ə yaxın yaşayış məntəqəsini - 8 şəhər, 8 qəsəbə və 84 kəndi əhatə edən mənzil tikintisi layihələrinin genişmiqyaslı icrası nəzərdə tutulur.
İşğaldan azad edilmiş ərazilərdə yeni salınmış qəsəbələrə köçürülmə mərhələli şəkildə həyata keçirilir. İlkin olaraq müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayan məcburi köçkünlərə geri qayıtmaq imkanı yaradılır.
Yaxın üç ildə Azərbaycan hökuməti işğaldan azad edilmiş torpaqların davam etdirilən yenidən qurulması, yeni və müasir evlərin tikintisi və iqtisadiyyatın bərpası ilə bütün sürətlə davam etməklə, 140 minə yaxın məcburi köçkünü Qarabağ və Şərqi Zəngəzurdakı öz evlərinə köçürməyi planlaşdırır. Bu iqtisadi rayonların dirçəldilməsi ilə yanaşı, əhalinin daim köçürülməsi və layihələrin həyata keçirilməsi də həmin ərazilərin ən inkişaf etmiş və firavan regiona çevrilməsinə şərait yaradır.
Azərbaycan çoxlu sayda məcburi köçkünlərlə yanaşı, öz dədə-baba yurdlarından zorla qovulmuş yüz minlərlə qaçqının da təhlükəsiz və ləyaqətlə geri qayıtmaq hüququ təmin edilməlidir.
Yekunda vurğulanıb ki, ərazilərin minalarla çirklənməsi və infrastrukturun tamamilə məhv edilməsi kimi ciddi problemlərə baxmayaraq, biz əminik ki, beynəlxalq ictimaiyyətin birgə səyləri ilə yaxın bir neçə ildə Azərbaycan işğaldan azad edilmiş ərazilərin reabilitasiyası və reinteqrasiyasının yeni modelini təqdim etmək iqtidarında olacaq.