Noyabrın 24-də Ordubad rayonunun Azadkənd tam orta məktəbi istifadəyə verilib.

"Unikal" xəbər verir ki, açılış tədbirində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev iştirak ediblər.

Məlumat verilib ki, 2000-ci ildə tikilən 288 yerlik məktəb binası bu il əsaslı təmir olunub. Üçmərtəbəli təhsil ocağında 16 sinif otağı, fizika, kimya və biologiya laboratoriyaları, şahmat sinfi, kompüter və müəllimlər otaqları, hərbi kabinə, STEAM otağı, kitabxana, bufet və idman zalı yerləşir. Məktəbdə 23 kompüter və 4 elektron lövhə quraşdırılıb, internetə çıxış təmin edilib.

Məktəbin müəllimləri ilə görüş zamanı səlahiyyətli nümayəndə Fuad Nəcəfli Naxçıvan təhsilinin hər zaman ümumölkə səviyyəsində qabaqcıl yerlər tutduğunu və ali məktəblərə qəbul göstəricilərinin yüksək olduğunu qeyd edib. “Lakin son bir neçə il üzrə aparılan təhlillər onu göstərir ki, şagirdlərin gələcəyin layiqli vətəndaşları kimi yetişmələri üçün tədrisin keyfiyyəti daha da artırılmalıdır. Bu məqsədlə təhsil sahəsində yeni layihələr icra olunacaq, ötən illərdən qalan nöqsan və problemlər aradan qaldırılacaq”, - deyə o bildirib.

Elm və təhsil naziri Emin Əmrullayev kollektivi təbrik edərək, Naxçıvanda yaxşı təhsil ənənələrinin olduğunu vurğulayıb. Qeyd olunub ki, belə müasir məktəb binalarının istifadəyə verilməsi bu ənənələrin innovativ yeniliklər əsasında daha da təkmilləşdirilməsinə imkan verəcək.

Müəllimlərdən Əhliman Əsgərov bu cür müasir tədris ocağının istifadəyə verilməsinin kollektivi çox sevindirdiyini qeyd edib.

Vurğulanıb ki, hazırda Azadkənd tam orta məktəbində 155 şagird təhsilini davam etdirir. Onların təlim-tərbiyəsi ilə məşğul olan 22 müəllimdən 4-ü işə qəbul üzrə keçirilən müsabiqə vasitəsilə təyin olunmuş gənc müəllimdir.

Məktəbin həyətində açıq idman qurğuları və qazanxana tikilib, yaşıllıq sahəsi yaradılıb.

Sonda məktəbin kollektivi ilə xatirə fotosu çəkdirilib.

Ordubad şəhər internat tam orta, texniki peşə və sürücülük məktəblərinə də baxış olub.

Səlahiyyətli nümayəndə Fuad Nəcəfli, elm və təhsil naziri Emin Əmrullayev hər iki tədris ocağının mövcud durumu ilə maraqlanaraq, təhsil ocaqlarının keyfiyyət göstəricilərinin yüksəldilməsi məqsədilə təkliflərə dair fikir mübadilərsi aparıblar.