Türkiyə Neft Şirkətinin (TPAO) adından istifadə edərək, aylardır sosial mediada həyata keçirilən fırıldaqçılıq fəaliyyətlərində prezident Rəcəb Tayyib Ərdoğandan da istifadə ediblər.

"Unikal" xəbər verir ki, Ərdoğanın çıxışını süni intellektlə manipulyasiya edən fırıldaqçıların hazırladığı videoda Ərdoğana "Hər kəsə 20 milyon lirə verəcəm. Artıq gələcəyiniz üçün narahat olmayın" deməyə məcbur edilir. Reklamı alan "Google" və onu dərc edən "YouTube" Türkiyə vətəndaşlarının aldadılmasına vasitəçilik edib.

Son zamanlar sosial şəbəkələrdə prezident Rəcəb Tayyib Ərdoğanın səsindən və imicindən istifadə edərək vətəndaşları hədəf alan saxtakarlıq cəhdlərinin qarşısı alına bilmir.

Prezidentin sosial media platformalarında, xüsusilə "YouTube" və "X" (keçmiş Twitter) üzərindən yayılan manipulyasiya videoları hələ də yayımlanır.

Türkiyə Neft Anonim Ortaqlığının (TPAO) baş direktoru Melih Han Bilgin, 11 noyabrda verdiyi açıqlamada “investisiya fürsəti” adı altında vətəndaşları hədəf alan reklamlarla bağlı “Bu günə qədər prokurorluqlarımız məsələ ilə bağlı 5 minə yaxın saxta hesab üzərində iş aparılıb” -deyib

Bilgin, sosial mediada fırıldağa cəhd edən 450 hesabın bağlandığını, 50 min aldadıcı reklamın bloklandığını bildirib.

Ancaq bu gün sözügedən reklamlar "Google" reklam şəbəkəsindən istifadə edərək "Youtube"-da yayımlanmağa davam edir. Elanları yayımlayan şirkətə baxdıqda hesabın Ukraynada açıldığı görünür. Saxta hesablar və saxta reklamlarla saxta saytlara yönləndirmələrə göz yuman "Google" və "Youtube" bu biznes vasitəsilə yüz minlərlə dollar gəlir əldə edib.