Bu gün Azərbaycan Premyer Liqasının 17-ci turuna yekun vurulacaq.
"Unikal" xəbər verir ki, turun mərkəzi qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq: saat 20:00-da “Qarabağ” “Neftçi”ni qəbul edəcək.
Bu, iki komanda arasında ölkə çempionatları çərçivəsində 93-cü qarşılaşma olacaq. Əvvəlki 92 matçda “köhlən atlar” böyük üstünlüyə malikdir. 38 qələbəsi olan Ağdam təmsilçisi 31 dəfə heç-heçə edib. 23 görüşdən xalsız ayrılmış “Qarabağ” top fərqində də öndədir – 118-83. Eyni zamanda, “Qarabağ” doqquz oyundur əzəli rəqibinə uduzmur. Bununla belə, “Neftçi” bu mövsüm çempionatda ən az qol buraxan komandalardan biridir. “Ağ-qaralar”ın passivində cəmi 15 qol var ki, bu da ən yaxşı üçüncü göstəricidir.
“Qarabağ” 35 xalla turnir cədvəlində birincidir, “Neftçi” isə ondan on xal az toplayaraq beşinci pillədə qərarlaşıb.