Braziliya və İspaniyanın "Valensiya" komandasının keçmiş futbolçusu Marselinyo Karioka konsertdə qaçırıldıqdan sonra mülki polis tərəfindən sərbəst buraxılıb.
"Unikal" xəbər verir ki, futbolçu dekabrın 17-də yoxa çıxıb. Mətbuat onun konserti bir qadınla tərk etdiyini iddia edib. Daha sonra onun avtomobili hadisə yerindən 25 km aralıda tapılıb. Bundan sonra cinayətkarlar futbolçunun ailəsi ilə əlaqə saxlayıblar. Onlar futbolçunun sərbəst buraxılması üçün 18 min dollar tələb ediblər.
Bazar ertəsi səhər iki kişi bu işlə əlaqədə şübhəli bilinərək həbs edilib. Sosial şəbəkələrdə yayımlanan videomüraciətində Karioka konsertdə münasibət qurduğu qadının ərinin adam oğurluğunda əli olduğunu bildirib.
Kariokanın indi 52 yaşı var. O, 2009-cu ildə yerli Santo André klubunda çıxış edərək təqaüdə çıxıb. Avropada o, "Valensiya" və Fransanın "Ajaccio" komandasındakı çıxışları ilə tanınır. 1998-2001-ci illərdə futbolçu Braziliya millisində dörd oyun keçirib.