İngiltərənin Harrov bölgəsində yaşayan 8 yaşlı Bodhana Sivanandan inanılmaz istedadı ilə bütün dünya şahmat ustalarını təəccübləndirib.

"Unikal" xəbər verir ki, Zahrebdə keçirilən qadınlar arasında şahmat üzrə Avropa çempionatında qalib gələn balaca qız şahmatın aparıcı adları tərəfindən “inanılmaz istedad” kimi yadda qalıb.

Uğurları ilə şahmat tarixinə düşən Bodhana şahmat ustaları arasında 555 oyunçu arasında 73-cü yeri tutaraq böyük uğura imza atıb.

Britaniya Şahmat Federasiyasının prezidenti Dominik Lavson bildirib ki, Bodhananın uğuru sürpriz deyil, çünki balaca qız artıq fenomenə çevrilib. Lavson qeyd etdi ki, Bodhana çox yetkin oyun tərzinə malikdir və səbirlidir. 

Bacarıqlarını artırmaq üçün davamlı olaraq şahmat tapmacalarını həll edən Bodhana Covid-19 pandemiyası zamanı 5 yaşında şahmat oynamağa başlayıb. Balaca qız şahmat fiqurlarını çox sevdiyini və oynamağa başladığını, atasının köməyi ilə oyunu YouTube-da öyrəndiyini bildirib.

Bodhananı tez-tez 1986-cı ildə şahmat uğuru ilə dünyanı heyrətə gətirən 9 yaşlı macar Judit Polqarla müqayisə edilib.  Məşhur şahmat tənqidçisi Lourens Trent balaca qız haqqında "O, son illərdə gördüyüm ən böyük istedaddır. Onun İngiltərənin və bəlkə də dünyanın ən böyük oyunçularından biri olacağına heç bir şübhəm yoxdur" deyib. 

Gülayə Mecid