Litva Prezidenti Gitanas Nauseda Azərbaycan Prezidenti İlham Əliyevə seçkilərdə qazandığı qələbə münasibətilə təbrik məktubu göndərib.

"Unikal" xəbər verir ki, məktubda dövlətimizin başçısına yeni uğurlar, ölkəmizə davamlı rifah diləyən Prezident Gitanas Nauseda qeyd edib: “Qəti əminəm ki, Sizin prezidentliyinizin yeni dövründə də Litva ilə Azərbaycan arasında səmərəli əməkdaşlıq münasibətləri, uğurlu ikitərəfli və çoxtərəfli tərəfdaşlıq daha da inkişaf etdiriləcək”.

Prezident Gitanas Nauseda ölkələrimiz arasında əlaqələrin dərinləşdirilməsi, xüsusilə iqtisadiyyat, informasiya texnologiyaları və bərpaolunan enerji sahələrində ikitərəfli təmasların inkişaf etdirilməsi üçün geniş imkanların mövcud olduğunu vurğulayıb.

Prezident İlham Əliyevi seçkilərdə qazandığı qələbə münasibətilə bir daha təbrik edən Litva dövlətinin başçısı yeni mandatın regionda dayanıqlı sülhün qurulması üçün möhkəm təməl olduğunu qeyd edib.

*** 20:18

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

"Unikal" xəbər verir ki, məktubda deyilir:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Seçkilərdə qələbəniz Azərbaycan xalqı tərəfindən Sizin fədakar əməyinizə və dövlət suverenliyinin möhkəmləndirilməsi, əhalinin rifah halının yüksəldilməsi, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev tərəfindən əsası qoyulmuş müstəqil və açıq xarici siyasətin davam etdirilməsi üzrə Sizin səylərinizə hörmətin və dəstəyin bariz nümunəsi oldu.

Hazırda strateji xarakter daşıyan Qırğızıstan-Azərbaycan dostluq münasibətlərinin inkişafına Sizin şəxsi töhfənizi bizim ölkəmizdə yüksək qiymətləndirirlər.

Ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın dərinləşməsi üzrə birgə səylərimizi davam etdirməyə hazır olduğumuzu bir daha təsdiqləyirəm.

Sizə möhkəm cansağlığı, qardaş Azərbaycanın rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə və ən xoş diləklərlə".

*** 19:39

Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

"Unikal" xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizə və Azərbaycan xalqına sülh, firavanlıq arzulayıram.

Ümidvaram ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud olan, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan ənənəvi dostluq münasibətləri bundan sonra da ölkələrimizin əməkdaşlığının inkişafı üçün əsas təşkil edəcək.

Dövlətlərimiz arasında siyasi dialoqun konstruktiv xarakterini vurğulamaq və ölkəmin ikitərəfli münasibətlərin dərinləşməsinə açıq olduğunu təsdiqləmək istərdim. Əminəm ki, biz birgə səylərlə ölkələrimizin vətəndaşlarının mənafeyi naminə iqtisadi-ticari, investisiya, enerji və kənd təsərrüfatı sahələrində Moldova-Azərbaycan əməkdaşlığını daha da intensivləşdirə biləcəyik.

Zati-aliləri, ali dövləti fəaliyyətinizdə Sizə yeni uğurlar və nailiyyətlər arzulayır, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

*** 18:03

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Unikal"  xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram. Bu əlamətdar hadisə Azərbaycan xalqının Sizin liderliyinizə göstərdiyi davamlı inam və etimadı bir daha nümayiş etdirdi.

Sizin müdrik rəhbərliyinizlə Azərbaycan böyük nailiyyətlər əldə edib. Uğurlu siyasətiniz Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu təməllər üzərində müstəqil, suveren, müasir Azərbaycanın sürətli inkişafına gətirib çıxarıb.

Azərbaycanın beynəlxalq əlaqələrdə həm regional, həm də qlobal səviyyədə artan rolu və nüfuzunu yüksək qiymətləndirirəm. Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi və qarşıdan gələn BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi ölkənin aktual qlobal çağırışların həllində hərtərəfli yanaşmanın tərəfdarı olduğunu nümayiş etdirir.

Bundan əlavə, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə göstərdiyiniz davamlı dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm. Zati-alinizin regionda əməkdaşlığın və dialoqun möhkəmləndirilməsinə sadiqliyi həqiqətən də təqdirəlayiqdir. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin gündəliyindəki müxtəlif məsələlər üzrə, xüsusilə də Azərbaycanın əlaqələndirici kimi fəaliyyətdə olduğu təhlükəsiz və səmərəli nəqliyyat dəhlizi sistemlərinin inkişaf etdirilməsi sahəsində əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirəm.

Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar və firavanlıq arzulayıram. Əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan inkişaf yolunu davam etdirəcək, ölkədə və regionda dayanıqlı sülhə və tərəqqiyə bundan sonra da töhfə verəcəkdir".

*** 17:01

BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

"Unikal" xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Seçkilərdə qazandığınız qələbə və yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Seçkilərin nəticələri Azərbaycan xalqının Zati-alinizin liderliyinə, eləcə də birliyi, tərəqqini və sülhü möhkəmləndirmək qətiyyətinə davamlı dəstəyini və inamını nümayiş etdirdi.

Bu fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi ilə bağlı hökumətin irəli sürdüyü müxtəlif təşəbbüslərdə, o cümlədən “Bakı Prosesi”ndə Azərbaycanın uzunmüddətli tərəfdaşı olmaqda davam edir. UNAOC 2024-cü ilin mayında Bakıda keçirilməsi nəzərdə tutulan 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq İşçi Qrupunun üzvüdür. Komandamız artıq proqram üzrə əsas məsləhətləşmələrə başlayıb və 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda UNAOC-u şəxsən təmsil etməyi, müzakirələrə qatılmağı və uğurlu nəticələr əldə olunmasına töhfə verməyi səbirsizliklə gözləyirəm.

UNAOC Xarici İşlər, Mədəniyyət nazirlikləri və Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəliyi ilə sıx əlaqədə işləyərək əməkdaşlığın və Azərbaycan hökuməti ilə birgə fəaliyyətin daha da möhkəmləndirilməsinə sadiq olduğunu bildirir.

Bu fürsətdən istifadə edərək Zati-alinizə ən yüksək ehtiramımı ifadə edirəm".
 

***

 

15:16 

Türkiyənin xarici işlər naziri Hakan Fidan dövlət başçısı İlham Əliyevi fevralın 7-də Azərbaycanda keçirilən prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib.

"Unikal" xəbər verir ki, o, bu barədə İstanbulda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun 5-ci Baş Assambleyasında çıxışı zamanı danışıb.

“Seçkilərdəki yüksək fəallığına görə Azərbaycan xalqını da təbrik edirəm”, - nazir söyləyib.

***

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Binəli Yıldırımdan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

"Unikal" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezidentim.

Fevralın 7-də keçirilən növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkilərində parlaq qələbəniz münasibətilə Sizə ən səmimi təbriklərimi, qardaş Azərbaycan xalqına sülh və rifah arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Azərbaycanın azad edilmiş ərazilərində ilk dəfə keçirilməsi baxımından tarixi önəm daşıyan bu seçkilər Azərbaycan xalqının dəyərlərə bağlılığını, cəsarətini və müdrikliyini bir daha nümayiş etdirdi.

Zati-alinizə nailiyyətlər arzulayır, Uca Allahdan seçkilərin nəticələrinin Azərbaycan xalqı və bütün Türk dünyası üçün xeyirli olmasını diləyirəm".

***

14:39

Fevralın 9-da ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

"Unikal" xəbər verir ki, ICESCO-nun Baş direktoru dövlətimizin başçısına prezident seçkilərində qələbə qazanması ilə bağlı təbriklərini və xoş arzularını çatdırıb, ona Azərbaycanın tərəqqisi naminə fəaliyyətində yeni uğurlar arzulayıb. O, Prezident İlham Əliyevin İslam həmrəyliyi işinə verdiyi töhfəni bir daha yüksək qiymətləndirib.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycanla ICESCO arasında uzun illər davam edən səmərəli əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

***14:26

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

"Unikal" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Növbəti müddətə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Sizə həvalə olunmuş ali vəzifənizin icrasında, ölkənizi və xalqınızı məqsəd və arzularına doğru aparmağınızda davamlı müvəffəqiyyətlər arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək ikitərəfli münasibətlərimizdən qürur duyduğumu, ölkələrimizin və xalqlarımızın rifahı naminə onu gücləndirmək və inkişaf etdirmək üçün birgə işimizi davam etdirmək niyyətində olduğumu və Fələstinin haqq işi ilə bağlı mövqeyinizə görə minnətdarlığımı bildirirəm.

Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, ölkənizin və xalqınızın tərəqqisi və firavanlığı üçün ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm".

*** 14:06

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Unikal" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Xahiş edirəm, Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.
Bu, Prezident olaraq Sizin ötən illər ərzində Azərbaycan xalqı və dövləti üçün göstərdiyiniz xidmətdə qazandığınız uğurun sübutudur. Əminəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan bundan sonra da hərtərəfli inkişaf etməkdə davam edəcəkdir.

Bu fürsətdən istifadə edərək fəal və konstruktiv ikitərəfli dialoqdan məmnunluğumu ifadə edir, həmçinin ölkələrimiz arasında uğurlu strateji tərəfdaşlığın gələcəkdə daha da inkişaf edərək dərinləşəcəyinə əminliyimi bildirirəm.

Cənab Prezident, Sizə möhkəm cansağlığı və Azərbaycan Respublikasını daha da inkişaf etdirmək, dost Azərbaycan xalqının rifahını yüksəltmək naminə ali dövləti fəaliyyətinizdə yeni nailiyyətlər arzu edirəm.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.

"Unikal" xəbər verir ki, bu barədə “Emarat Al Youm” qəzeti məlumat yayıb.

Paylaşımda deyilir: “Prezident İlham Əliyevi son prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edir, ona Azərbaycanın daha da inkişafı naminə fəaliyyətində uğurlar arzulayıram. Ölkələrimizin və xalqlarımızın maraqları naminə ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı maraqlar bazasının genişləndirilməsi məqsədilə onunla birgə işi davam etdirməyi səbirsizliklə gözləyirəm”.