Keniya Respublikasının Prezidenti Uillyam Samoei Ruto Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.

"Unikal" xəbər verir ki, Keniya Prezidenti bununla bağlı X sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Paylaşımda deyilir: “Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə ürəkdolusu təbriklərimi çatdırıram. Sizin inamlı qələbəniz uzun illər ərzində Azərbaycan xalqının məharətinizə və liderliyinizə inamını bir daha təsdiqlədi. 2004-cü ildən bəri diplomatik münasibətlərimizin əsası qoyulduqdan sonra uzun illər ərzində Keniya və Azərbaycan arasında güclü, davamlı, səmimi və dostluq münasibətlərindən məmnunluğumu bildirirəm. Biz diplomatik münasibətlərimizin 20-ci ilini qeyd edərkən razılaşdırılmış prioritetlər çərçivəsində ikitərəfli əlaqələrimizi daha da gücləndirmək və onları qarşılıqlı maraq doğuran yeni sahələrə də genişləndirmək üçün mükəmməl fürsətimiz olduğunu məmnunluqla bildirirəm.

Fürsətdən istifadə edərək əminliyimi bildirmək istəyirəm ki, Sizin rəhbərliyinizlə biz ticarət, investisiyalar, enerji, iqlim dəyişikliyi və turizm kimi müxtəlif sahələrdə səmərəli tərəfdaşlıq imkanlarını tədqiq edəcəyik.

Zati-aliləri, mənim və Keniya xalqının ən yüksək ehtiramını qəbul edin”.

***19:22

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının prezidenti Canni İnfantino Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

"Unikal" xəbər verir ki, təbrik məktubunda deyilir:

"Zati-aliləri, hörmətli Prezident.

Bütün futbol ictimaiyyəti adından yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi arzularımı qəbul etməyinizi xahiş edirəm. Bu, ölkənizin Sizin liderliyinizə olan etimadının göstəricisidir.

Azərbaycanın sabitliyinə və iqtisadi inkişafına olan sadiqliyiniz, liderlik məharətiniz və şəxsi keyfiyyətləriniz son illərdə ölkənizi irəliyə doğru aparmaqda çox mühüm rol oynayıb. Şübhə etmirəm ki, yeni Prezidentlik dövrünüzdə Siz ölkənizin sabit inkişafına və tərəqqisinə mühüm töhfələr verməkdə davam edəcəksiniz.

Mən, həmçinin ölkənizdə futbolun inkişaf etdirilməsi və onun dəyərlərinin təşviqi istiqamətindəki bütün səylərinizə görə Sizə və hökumətinizə təşəkkürümü bildirmək istəyirəm. Sizin səyləriniz mədəni və ictimai maneələrin aradan qaldırılmasında futbolun əhəmiyyətini, eləcə də onun bütün sərhədləri aşan və inklüzivliyi qəbul edən bir idman növü olduğunu nümayiş etdirir.

Sizə yeni mandatınız dövründə fəaliyyətinizdə uğurlar və tükənməz enerji arzu edirəm. Cənab Prezident, tezliklə yenidən görüşüb Sizi şəxsən təbrik etməyi səbirsizliklə gözləyirəm".

***19:14

Omanın Sultanı Heytəm bin Tariq Al Səid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.

"Unikal" xəbər verir ki, bu barədə Oman İnformasiya Agentliyi (ONA) məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Omanın Sultanı Azərbaycan Prezidentinə səmimi təbriklərini və ən xoş arzularını çatdırıb, ona möhkəm cansağlığı diləyib.

Heytəm bin Tariq Al Səid Prezident İlham Əliyevə dost Azərbaycan xalqını tərəqqi və firavanlığa aparan yolda uğurlar arzulayıb, iki ölkə arasında dostluq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib.

***19:05

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Unikal" xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Müstəqil və bölünməz Azərbaycanın Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Seçkilərin nəticəsi heç kimdə şübhə doğurmurdu. Xalq onu 30 illik natamamlıq kompleksindən xilas edən Liderə səs verdi.

Sizin regionda liderliyiniz cəmiyyət həyatının bütün sahələrində yüksək nəticələrə nail olmaq səylərində parlaq səmərəli idarəçilik örnəyinə çevrilib. Azərbaycan Sizin rəhbərliyinizlə iqtisadiyyatda, sosial sahədə, milli təhlükəsizlikdə və digər istiqamətlərdə böyük uğurlar qazanıb.

Sizin müasir geosiyasi çağırışlara istiqamətlənmiş strateji baxışınız ölkəyə davamlı iqtisadi artıma, xarici iqtisadi əlaqələrin genişləndirilməsinə və böyük investisiyalar cəlb edilməsinə nail olmağa imkan verib. Sizin rəhbərliyinizlə həyata keçirilən islahatlar sayəsində Azərbaycan bir çox ölkələr üçün cəlbedici tərəfdaşa çevrilib. Demokratiyanın inkişafı, vətəndaşların hüquq və azadlıqlarının möhkəmləndirilməsi, həmçinin mədəniyyət və təhsilin, elm və səhiyyənin dəstəklənməsinə yönəlmiş səyləriniz Azərbaycan vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsinə kömək edir. Beynəlxalq hüquq prinsiplərinə əsaslanan müdrik xarici siyasətiniz regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsində mühüm rol oynayır. Əminəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan inkişaf yolunu davam etdirəcəkdir.

İcazə verin, inamlı qələbə münasibətilə ən səmimi təbriklərimi bir daha bildirim və Sizə möhkəm cansağlığı, əmin-amanlıq, ölkəyə və xalqa xidmət üzrə fəaliyyətinizdə uğurlar diləyim ".

 

***16:44

Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini Maqomedsalam Maqomedov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Unikal" xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan xalqının geniş dəstəyi respublikanın firavanlığı və inkişafı istiqamətində həyata keçirdiyiniz kursun uğurlu olduğunu sübut edir.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və müvəffəqiyyətlər, bütün Azərbaycan xalqına isə sülh, rifah və əmin-amanlıq arzu edirəm".

***14:41

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

"Unikal" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti kimi şərəfli vəzifəyə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə etmək üçün Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) nümayəndə heyətinə rəhbərlik etmək şərəfinə nail olmuşam. Seçkilər zamanı nümayiş olunan mütəşəkkillik, ədalət və inklüzivlik bizim komandamızda dərin xoş təəssürat yaratmışdır.

Son iyirmi il ərzində Azərbaycanın bənzəri olmayan yüksəlişinin təmin edilməsində Sizin uzaqgörən rəhbərliyiniz mühüm rol oynamışdır. Sizin iqtisadi inkişaf, infrastruktur və sosial təminat sahələrində nailiyyətləriniz Azərbaycanı dünya arenasında yüksəltməklə yanaşı, digər ölkələr üçün ilhamverici nümunə olmuşdur. Əminəm ki, yeni prezidentliyiniz dövründə Sizin rəhbərliyinizlə Azərbaycan xalqı və dövləti daha çox uğur əldə edəcəkdir.

Azərbaycan Respublikası Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı və “ŞƏT ailəsi”nin vacib üzvüdür. Bu xüsusda, ŞƏT-in fəaliyyətində Azərbaycan Respublikasının fəal iştirakına, həmçinin Sizin təşkilatımızın fəaliyyətinə göstərdiyiniz şəxsi dəstəyə görə minnətdarlığımı ifadə edirəm.

Zati-aliləri, Sizinlə və Azərbaycan hökuməti ilə sıx əməkdaşlığa hazır olduğumuzu bəyan edirəm. Qoy, Şanxay Əməkdaşlıq Təşkilatı və Azərbaycan arasında möhkəm və sarsılmaz tərəfdaşlıq qarşılıqlı anlayışı, sülhü və rifahı təşviq edərək daha da möhkəmlənsin!

Bizim Azərbaycana səfərimiz zamanı ŞƏT nümayəndə heyətinə göstərilən diqqət və qonaqpərvərliyə görə təşəkkür edirik.

Yenidən Prezident seçilməyiniz münasibətilə Sizi bir daha təbrik edirəm. Əminəm ki, Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə yeni zirvələrə çatacaq".

***13:20

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Taha Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

"Unikal" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Baş katib İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, ona ölkəmizin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.

O, Prezident İlham Əliyevin İslam həmrəyliyi işinə verdiyi töhfəni xüsusi vurğulayıb, eyni zamanda, işğaldan azad edilmiş torpaqlarımızda geniş abadlıq və quruculuq işlərinin həyata keçirilməsi ilə bağlı dövlət başçısına təbriklərini çatdırıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirərək, öz növbəsində Azərbaycanın bundan sonra da İslam Əməkdaşlıq Təşkilatının beynəlxalq nüfuzunun möhkəmləndirilməsi, təşkilatın inkişafı, üzv ölkələr arasında həmrəyliyin gücləndirilməsi işinə töhfəsini verəcəyini qeyd edib.

Dövlət başçısı Hissein Brahim Tahanı yenidən Azərbaycanda görmək istəyini ifadə edərək, onu ölkəmizə səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub.

***12:31

“İsrailin Dostları” Xaricdə Yaşayan Həmvətənlər Federasiyasının rəhbəri Aleksandr Şapiro-Suliman Prezident İlham Əliyevi seçkilərdə qələbə münasibətilə təbrik edib.

"Unikal" xəbər verir ki, təbrikdə deyilir:

"Möhtərəm cənab Prezident.

Prezident seçkilərində möhtəşəm qələbəniz münasibətilə Sizi təbrik edirəm. Sizə artıq Türk dünyasının Milli Qəhrəmanı deyə müraciət edə bilərik. Bu qələbə xalqın Sizə olan böyük hörmətinin, ehtiramının və inamının göstəricisidir.

Siz son 20 illik fəaliyyətinizlə dövlətinizi dünyada böyük nüfuz və söz sahibinə çevirdiniz. Siz on milyonlarla azərbaycanlının 30 illik Qarabağ həsrətinə elə bir ustalıqla son qoydunuz ki, bütün dünya buna heyran oldu, dostlar sevindilər, düşmənlər isə hikkələrindən boğuldular. Siz Ali Baş Komandan kimi bu möhtəşəm hərbi Qələbənizlə dünyaya separatizmin kökünü kəsməyin ən bariz nümunəsini göstərdiniz. Bu qələbələrinizi həzm edə bilməyən bəzi mənfur qüvvələr anlamalıdırlar ki, Sizin arxanızda dünyada yaşayan 50 milyondan çox azərbaycanlı dayanır. Sizə yeni prezidentlik dönəmində Azərbaycan naminə görəcəyiniz işlərdə uğurlar arzulayıram.

Möhtərəm cənab Prezident, mən bir müddət Azərbaycanda yaşamışam və bu ölkə mənə ikinci vətəndir. Dayanıqlı inkişafa və suverenliyin möhkəmlənməsinə söykənən bu qələbəniz hər birimizin uğurudur. Sizi bir daha təbrik edirəm. Nailiyyətləriniz hər zaman bol olsun, cənab Prezident!"

***10:22

BP şirkətinin baş icraçı direktoru Mürrey Aukinklos Prezident İlham Əliyevi seçkilərdə qalib gəlməsi münasibətilə təbrik edib.

"Unikal" xəbər verir ki, təbrikdə deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə BP şirkəti adından Sizə səmimi təbriklərimi çatdırıram. Azərbaycan xalqının rifahının yaxşılaşması istiqamətində bütün səylərinizdə Sizə uğurlar arzulayıram.

Bu fürsətdən istifadə edərək bizim Azərbaycandakı enerji layihələrinə BP-nin davamlı sadiqliyini bir daha vurğulamaq istəyirəm. BP şirkəti olaraq biz Azərbaycan hökuməti və SOCAR ilə uzunmüddətli tərəfdaşlığın daha da möhkəmlənəcəyinə ümidvarıq.

Zati-aliləri, Sizi bir daha səmimi-qəlbdən təbrik edirəm və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Tezliklə Sizinlə Bakıda görüşməyi səbirsizliklə gözləyirəm".