İran prezidenti və onu müşayiət edənlərin içində olduğu qəzaya uğramış helikopterin yeri müəyyən olunub. 

"Unikal" xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb. 

Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pirhüseyn Kulivəndin sözlərinə görə, helikopterin qalıqları aşkar edilib. 

"Qızıl Aypara xilasediciləri vertolyotun olduğu yerə doğru hərəkət edir və biz bu yerdən 2 kilometr uzaqdayıq", - o deyib. 

***04:50

Xəbər verdiyimiz kimi, İran prezidentini daşıyan helikopterin axtarışlarına Türkiyənin Bayraktar "Akıncı" PUA-sı da qatılıb. 

"Unikal" İran KİV-ə istinadən xəbər verir ki, "Akıncı" helikopterin qəzaya uğradığı yerə aid olan qaynar nöqtə aşkar edib.

"Türkiyənin Akıncı PUA-sı helikopterin qəzaya uğradığı yerə aid olduğu ehtimal edilən qaynar nöqtə aşkarlayıb və müvafiq məlumatı İran tərəfinə göndərib", - məlumatda deyilir. 

Bununla da helikopterin dəqiq coğrafi koordinatları müəyyən edilib: "Əməliyyat və yardım qrupları hazırda "Tovil" adlı təsdiqlənmiş qəza yerinə yollanır".

Ağarza Elçinoğlu