"Rəqəmsal texnologiyaların geniş tətbiqi uşaqların inkişafı və məlumatların əldə edilməsi baxımından imkanlar yaratmaqla yanaşı, uşaqları müxtəlif təhlükələrə məruz qoyur".

"Unikal" xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, bu gün rəqəmsal inkişaf yeni ictimai münasibətlərin yaranmasına səbəb olur və bu da öz növbəsində müvafiq sahədə qanunvericiliyin  təkmilləşdirilməsini zəruri edir:

"Hazırda bir sıra dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaqların rəqəmsal mühitdə zərərli təsirlərdən müdafiəsi sahəsində milli qanunvericilik və müdafiə mexanizmləri təkmiləşdirilir. Qeyd etmək istərdim ki, bu məsələ Ombudsmanın da diqqət mərkəzindədir. Belə ki, tərəfimizdən uşaqların sosial şəbəkə və digər rəqəmsal platformalardan istifadəsi üçün məhdudiyyətlərin müəyyən edilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi təklif edilmiş, illik məruzədə bununla bağlı tövsiyələr öz əksini tapıb.

Ombudsman Aparatı tərəfindən aparılan araşdırmalar göstərir ki, son illər uşaqlar arasında geniş yayılmış interaktiv platformalar və onlayn oyunlar ciddi risklər yaradır. Uşaqların istifadəsi üçün nəzərə tutulan rəqəmsal platformalarda yaş məhdudiyyətlərinin formal xarakter daşıması, effektiv nəzarət mexanizmlərinin olmaması, şəxsi məlumatların qorunması sahəsində boşluqlar uşaqların hüquqlarının pozulmasına zəmin yaradır".

Anar Kəlbiyev