"Uşaqlar təkcə ailənin deyil, həm də dövlətin sərvətidir. Gələcəyə olan ümidi, sərmayəsidir.  Azərbaycanda uşaqların müdafiəsi yüksək səviyyədə qorunur". 

"Unikal" xəbər verir ki, bunu parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Hicran Hüseynova Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, uşaqların zərərli təsirlərdəndən qorunması, onların sağlam böyüməsi üçün hərtərəfli şəraitin yaradılması və dəstəyin verilməsi dövlətin sosial siyasətinin tərkib hissəsidir:

"Bu gün bir çox dövlətlərin qarşında  dayan  vacib məsələ internet təhlükəsizliyidir. Sosial şəbəkələrin həyatın ayrılmaz hissəsi olduğu dövrdə, uşaqların psixoloji sağlamlığı üçün nəzarətsiz istifadənin qarşısının alınması vacibdir. Hazırda sual "qadağan etmək və ya etməmək" deyil. Əsas məsələ uşaqları inkişaf, öyrənmə və sosial qarşılıqlı əlaqə üçün vacib imkanlardan məhrum etmədən real dünya təhlükələrindən  qoruyan rəqəmsal mühitin necə yaradılması məsələsidir. Dünyada müxtəlif tədqiqatlar aparılır. Bir neçə misal göstərmək istərdim: Məsələn, 10-15 yaşlı Avstraliya uşaqlarının 96%-i sosial mediadan istifadə edir və onların 70%-i zərərli məzmun və davranışlarla qarşılaşır. Amerikada 2025-ci ildə aparılan bir araşdırma göstərib ki, 13-17 yaşlı qızların 71%-i, oğlanların isə 54%-i  kiberzorakılıqla qarşılaşır. Kiberhücumun nəticələri ciddidir: Amerikalı yeniyetmələrin 19,2%-i kiberhücum səbəbindən məktəbi buraxdığını bildirib.  Kiberbullinqə  məruz qalan yeniyetmələr arasında 12%-i son bir ildə özünə zərər verməyi düşünüb, 6%-i isə buna cəhd edib. Ən yüksək riskə malik platformalar: İnstaqram kiberzorakılıq hadisələrində liderdir (42%), ardınca "Facebook" (37%) və "Snapchat" (31%) gəlir. Digər tədqiqatlar "YouTube"un ən yüksək göstərici olduğunu müəyyən edib: "YouTube"dakı uşaqların 79%-i kiberhücuma məruz qalıb, ardınca "Snapchat" (69%), "TikTok" (64%) və "Facebook" (49%) gəlir.

Dövlət Statistika Komitəsinin 2024-cü ildə ev təsərrüfatlarında İKT-də istifadəyə dair seçmə statistik müayinənin nəticələrinə görə əhalinin hər 100 nəfərinə düşən internet istifadəçilərinin sayı 90,8 olub.  Bu göstərici 6-15 yaş qrupu üzrə  isə 90,1 faiz təşkil edib. Sosial Tədqiqatlar Mərkəzinin 2025-ci il sorğusuna görə, məktəbyaşlı övladı olan respondentlərin 63,5 faizi  övladının sosial mediadan istifadə etdiyini, 36,5 faizi  isə istifadə etmədiyini bildirib. Əlbəttə ki, bu rəqəmlər bizi düşündür və eyni zamanda narahat edir. Azərbaycanın qoşulduğu beynəlxalq konvensiya və milli qanunvericiliyə əsasən 18 yaşadək şəxslərin uşaq sayıldığını nəzərə alaraq, uşaqların sosial şəbəkə platformalarının təsirlərindən qorunması üçün 16 yaşadək və 16-18 yaş arası yanaşması seçilib. 16 yaşadək uşaqların platformalarda hesab yaratmasına yol verilmir, 16-18 yaş arası uşaqlar üçün isə bunu valideyn icazəsi ilə edə bilərlər. Uşaqların inkişafına diqqət verilərək təhsil və səhiyyə məqsədləri üçün bu imkanlardan sərbəst istifadə etmək olar. Qanun dəyərli məqsədə - uşaqların müdafiəsinə xidmət edir. Uşaqların sosial şəbəkələrinin zərərli təsirlərin qorunması günümüzün tələbidir".

Anar Kəlbiyev