Əvvəllər bir sıra ərazilərdə hər kvadratmetr üçün 1500 manat kompensasiya ödənilirdisə, hazırda bəzi layihələr üzrə bu məbləğ 2700 manata qədər yüksəlib.

Bakının 2040-cı ilədək Baş planına uyğun həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir sıra ərazilərdə söküntü və abadlaşdırma işləri aparılır. Söküntü aparılan zaman vətəndaşlara ödənilən kompensasiyanın məbləğı bəzi ərazilər və layihələr üzrə 2700 manata qədər yüksəlib.

Bəs bu artım hansı ərazilərdə müşahidə olunur? Yaxud, digər ərazilər üzrə də kompensasiya məbləğinə yenidən baxılmasına ehtiyac varmı?

"Unikal" Xəzər Tv-yə istinadən xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyir ki, vahid məbləğin müəyyənləşdirilməsi əvəzinə hər bir əmlak üzrə ayrıca qiymətləndirmə aparılması daha ədalətli yanaşma olar. Vətəndaşlara elə kompensasiya ödənilməlidir ki, onlar yaşadıqları əraziyə yaxın zonalarda yeni mənzil əldə edə bilsinlər. Bu, insanların şəhərin mərkəzi hissələrindən uzaqlaşmasının qarşısını almaqla yanaşı, sosial və iqtisadi tarazlığın qorunmasına da xidmət edər.

Vüqar Orucun sözlərinə görə, təcrübədə görülüb ki, kompensasiya məbləğı söküntüdən 6 ay -1 il əvvəl müyyən edilib. Bazar isə dinamik olduğundan vətəndaş ayrılan məbləğə artırılmış qiymətlərlə mənzil almaqda çətinlik çəkir. Yəni aldığı ödəniş yeni mənzil üçün kifayət etmir. Ona görə də öncə kompensasiya məbləğı qiymətləndirici tərəfindən müayyən olunmalı, sonra digər proseslərə start verilməlidir.