Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Ayrınc, Qızıl Qışlaq və Kükü kəndləri ərazisində müşahidə olunan güclü yağış bir neçə avtomobil yolunun hərəkət hissəsində məhdudiyyət yaradıb.

Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyindən "Unikal"a bildirilib ki, yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal qeyd olunan ərazilərə agentliyin xüsusi texnika və canlı qüvvələri səfərbər olunub.

Hazırda yollarda təmizləmə işləri davam etdirilir.

*** 20:50

Naxçıvan Muxtar Respublikasının dağlıq və dağətəyi bölgələrində qeyri-sabit hava şəraiti hökm sürür.

"Unikal" xəbər verir ki, güclü yağış və sel Şahbuz rayonunda dağıntı və fəsadlar törədib.

Rayonun Ayrınc və Kükü kəndlərinə gedən yollar keçilməz hala düşüb.