Son günlər bölgələrdə müşahidə olunan qeyri-sabit və yağmurlu hava şəraitindən sonra ölkə ərazisinin bəzi yerlərində ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur.  Yağan yağışlardan sonra şimal bölgəsində, Xınalıq kəndindən 2 km şimal-şərqdə, İsmayıllı rayonunun Qoydan kəndində və Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu hissəsindən keçən 75-ci km-də sürüşmə və çökmə prosesləri qeydə alınıb.

"Unikal" xəbər verir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev bildirib.

“Hazırda Agentliyin əməkdaşları tərəfindən sözügedən ərazilərdə araşdırma və monitorinqlər davam etdirilir”.

***

12:28

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti sürüşmə zonalarından keçən avtomobil yollarında bir-sıra problemlərə səbəb olur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "Unikal"a verilən məlumata görə, intensiv yağıntılar nəticəsində M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən 75.2-cü kilometrlik hissəsində (sağ tərəf) sürüşmə baş verib. Nəticədə yolun sağ çiyin hissəsi 150 metr uzunluğunda və torpaq yamacı 40 metr enində olmaqla sıradan çıxıb. Bundan başqa, yolun sol hərəkət istiqamətində torpaq yatağı yamacının hərəkət hissəsinə doğru sürüşdüyü müəyyən edilib. Sürüşən hissənin uzunluğu 240, eni yamac boyunca 50 metr təşkil edir. Yolun hərəkət hissəsinin hər iki istiqamətində çatlar və çökmələr əmələ gəldiyi və hazırda sürüşmə prosesinin inkişaf fazasında olduğu da qeydə alınıb.

Qeyd edək ki, hazırda sürüşmə nəticəsində yol təsərrüfatına dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Sözügedən hissədə baş verən sürüşmənin və müəyyən edilən sürüşmə nöqtələrinin yarada biləcəyi fəsadların qarşısının alınması və avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə ərazidə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bərpa işləri aparılır, qabaqlayıcı tədbirlər görülür.