Solyari və ya günəş altında qaralma süd vəzi xərçənginə gətirib çıxara bilərmi?.
"Unikal"ın suallarını Diaqnoz Tibb Mərkəzini Mammoloqu Kəmalə Rəhimova cavablandırıb.
- Süd vəzi xərçəngi nədir?
- Süd vəzi xərçəngi, son dövrlərdə qadınların qorxulu kabusuna çevrilib. Heç bir əlamət olmadan yaranan və gec hiss edildiyi təqdirdə, ölümlə nəticələnən bu xəstəliyin qarşısını almaq üçün qadınlar bədənlərinə qarşı çox diqqətli olmalıdır. Nə qədər qəribə olsa da, süd vəzi xərçəngi 100/1 kişilərdə də müşahidə edilir.
Süd vəzi xərçəngləri dünyada hər səkkiz qadından birində görülməkdədir və xərçəngə bağlı ölüm səbəbləri arasından ən ön sırada gəlməkdədir. Bu səbəblə də qadınlarımızın süd vəzi xərçənginə qarşı bir az daha diqqətli olmasını məsləhət görürük.
- Kimlər süd vəzi xərçəngi riski altındadırlar?
- Ailəsində məmə xərçəngi hekayəsi olan, yumurtalıq xərçəngi hekayəsi olanlar risk altındadırlar, hormon əvəzedici terapiya gören xəstələrimiz, “sedantal” həyat tərzi keçirən irəli yaşlı qadınlar, obez qadınlar, özəlliklə də, erkən yaşda menstrual qanama, aybaşı qanamasını görənlər, gec menopauzaya girən xəstələrimiz və xüsusilə, gec doğuş edən, 35 yaşın üzərində əmizdirən qadınlarımız, gecə növbəsində çalışan qadınlarımız bir az daha diqqətli olmalıdırlar bu mövzuda.
- Solyari və ya günəş altında qaralma onkoloji problemlərə gətirib çıxara bilərmi?
- Dəri xərçəngi və melanoma üçün bu sözsüz ki, mühüm risk faktorudur. Xüsusilə ağbəniz olanlara, dəridə müxtəlif anadangəlmə xalları olan şəxslər çox diqqətli olmalıdır. Yalnız süd vəzi xərçəngi üçün belə demək olmaz. Əlbəttə, süni zaqar və bilavasitə aktiv günəş şüalarına məruzqalma orqanizmə mənfi təsir edir. Azərbaycan üçün ən doğru günəşlənmə saatları səhər saat 10-a kimi və axşam saat 17:00-dan sonradır. Hazırda onkoloji müalicə alan pasiyentlər solyari və aktiv zaqardan uzaq durmaqları tövsiyə olunur, çünki bu arzuolunmaz reaksiyalar verə bilər. Həmçinin bu müalicəsini yeni başa vurmuş pasiyentlərə də aiddir.
- Süd vəzi xərçəngindən necə qorunaq?
- Ən doğru yol mütəmadi müayinə olunmaqdır. Lakin burada hansı müayinənin pasiyentdə daha etibarlı olacağını yalnız mütəxəssis deyə bilər. Qəbul olunmuş standartlara görə, 39 yaşdan başlayaraq mammoqrafiya məsləhət görülür. Lakin burada da bəzi istisnalar var. Ailəvi risk və süd vəzi quruluşundan dolayı mammoqrafiya bəzi hallarda məqsədəuyğun olmaya bilər. Bu səbəbdən həkim-onkoloq-mammoloq müayinəsi mütləqdir. Qidalanmamıza fikir vermək, bədən-kütlə indeksini nəzarətdə saxlamaq, aktiv həyat tərzi sürmək, mümükün olduqca hormonal, xüsusilə estrogen mənşəli preparatlardan uzaq olmaqda fayda var. Siqaretçəkmə, transyağlarla zəngin qidalanma riski artırır. Ailədə süd vəzi xərçəngi olan xanımlar daha erkən yaşlarda müayinə olunmalı – 25 yaşdan etibarən, mümkünsə genetik testlərdən keçməlidir. Lakin özümüzü sığortalamağın yeganə yolu doğru və zamanında aparılmış müayinədir.