Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü meşə yanğınları ilə mübarizədə qardaş ölkəyə köməklik məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələri hazırlıq vəziyyətinə gətirilib.

Bu barədə "Unikal"a FHN-in mətbuat xidmətindən məlumat verilib.

İlkin olaraq, FHN-in Aviasiya dəstəsinin “BE-200ÇS” tipli amfibiya təyyarəsi yanğınsöndürmə əməliyyatlarına dəstək göstərilməsi məqsədilə Türkiyəyə yola salınacaq.

Bundan əlavə, Türkiyə Respublikasının müvafiq qurumu ilə aparılan müzakirələrdə qardaş ölkəyə köməklik məqsədilə göndərilməsi üçün Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin tam hazır olduğu diqqətə çatdırılıb, lakin qarşı tərəf hazırkı mərhələdə yalnız təyyarənin göndərilməsinin kifayət etdiyini bildirib.

Hazırda amfibiya təyyarəsinin yola salınması üçün hazırlıq işləri görülür.

***21:32

Azərbaycan qısa zamanda yanğınların qarşısının alınması üçün “BE-200ÇS” amfibiya tipli təyyarəsini Türkiyəyə göndərəcək.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında bildirib.

Dövlətimizin başçısı vurğulayıb ki, yanğınların qarşısının alınması ilə bağlı Azərbaycan qardaş ölkəyə istənilən əlavə dəstəyi göstərməyə hazırdır.