Ermənistan-Azərbaycan barışığının əsasını Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmaları (2020-2022-ci illərdə əldə olunub) təşkil edir və onları şübhə altına almaq cəhdləri son dərəcə təhlükəlidir.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
Diplomat qeyd edib ki, Rusiya hesab edir ki, hazırda üçtərəfli sazişlərə alternativ yoxdur.
“Bu sazişlər Bakı ilə İrəvan arasında normallaşmanın bütün əsas yollarını - sülh müqaviləsinin inkişafı, sərhədlərin delimitasiyası, demarkasiyası, regionda nəqliyyat kommunikasiyalarının açılması, vətəndaş cəmiyyəti vasitəsilə təmasların inkişafını əhatə edir. Sazişi şübhə altına almaq cəhdləri son dərəcə təhlükəlidir və davam edən qeyri-sabit ikitərəfli münasibətlər kontekstində tərəflər arasında qarşılıqlı öhdəliklər boşluğu yarada bilər”, - deyə Zaxarova bildirib.
O bəyan edib ki, Azərbaycan və Ermənistan liderləri konstruktiv dialoqun davam etdirilməsinə sadiq olduqlarını təsdiqləyiblər, öz növbəsində, Rusiya prezidenti Moskvanın üçtərəfli razılaşmalar əsasında normallaşma prosesinin bütün sahələrində bundan sonra da ən yüksək səviyyədə lazımi köməyi göstərməyə hazır olduğunu vurğulayıb.