27 sentyabr 2024-cü il tarixdə Samux şəhərində Samux Şəhidləri Kompleksinin önündə “Anım günü”nə həsr olunmuş ümumrayon tədbiri keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və işçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları şəhidlərin ruhlarına hörmət və ehtiram əlaməti olaraq Samux Şəhidləri Kompleksinin qarşısına gül dəstələri düzərək xatirələrini yad ediblər. Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlanan tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev çıxış edərək bildirdi ki, Müzəffər Ali Baş Komandanın qətiyyətli iradəsi, qüdrətli ordumuzun gücü qarşısında 44 gün ərzində düşmən kapitulyasiya edildi. Bununla da Azərbaycanın möhtəşəm qələbəsi ilə yekunlaşan müharibə dünya hərb tarixinə 44 günlük müharibə kimi yazıldı. Ali Baş Komandanın çağırışı ilə böyükdən kiçiyə birləşən Azərbaycan xalqının birliyinin şərəfinə bu müharibə həm də "Dəmir yumruq" əməliyyatı adlandırılıb.
Tədbirdə çıxış edən digər natiqlərdə şəhid və qazilərə, Vətən müharibəsi iştirakçılarına dövlət qayğısının təmin edilməsi istiqamətində atılan addımlardan danışıblar. Çıxışlarda Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun keçdiyi şanlı döyüş yolu, böyük Zəfərin qazanılmasında qardaş Türkiyənin göstərdiyi siyasi-mənəvi dəstək yüksək qiymətləndirilib. Vurğulanıb ki, qədirbilən Azərbaycan xalqı böyük Zəfəri bizə yaşadan şəhid və qazilərimizin qəhrəmanlığını heç zaman unutmayacaq.
Saat 12:00-də vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, rayon ərazisində nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırılmış və səs siqnalları verilmişdir.
Daha sonra Samux rayon İcra Hakimiyyətinin və Gəncə–Daşkəsən Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Samux rayonunda “27 sentyabr - Anım Günü” ilə əlaqədar açıq səma altında məktəblilərin rəsm sərgisi keçirildi. 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi və gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədi ilə keçirilən sərgidə məktəblilər xalqımızın düşmən üzərində qələbəsini əks etdirən rəsimlərlə iştirak etmişdirlər.
Tədbirin sonunda isə “27 sentyabr - Anım Günü” ilə bağlı Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda Vətən müharibəsində həlak olan şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə bu il də ağacəkmə aksiyası keçirilib. Tədbir iştirakçıları rayonun Ziyadlı kəndində Kür çayına gedən yolun ətrafına 1000 ədədə yaxın şam ağacları əkdilər.