Lənkəranda "27 sentyabr – Anım Günü” ilə bağlı silsilə tədbirlər keçirilib.
"Unikal" xəbər verir ki, səhər saatlarından başlayaraq Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra aparatının kollektivi, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları və rayon ictimaiyyəti Şəhidlər Abidə Kompleksini ziyarət ediblər. Abidə önünə tər güllər düzülüb, şəhidlərə hörmət və ehtiram göstərilib.
Lənkəran ŞİH başçısı Taleh Qaraşov şəhid ailələrinin üzvləri ilə söhbət edib, onların qayğı və problemləri ilə maraqlanıb. Taleh Qaraşov bildirib ki, Vətən müharibəsindən və local xarakterli antiterror əməliyyatlarından sonra suverenliyimiz tam bərpa olunub və bütün bunlar şəhidlərimizin canı, qazilərimizin qanı bahasına əldə edilib. İcra başçısı qeyd edib ki, xalqımız, gələcək nəsillər şanlı Qələbə ilə hər zaman haqlı olaraq fəxr edəcəklər.
Taleh Qaraşovdövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində hər il olduğu kimi bu il də şəhidlərin anım mərasimlərinin keçirilməsi üçün icra hakimiyyəti tərəfindən onlara maddi yardımların göstərildiyini qeyd edib.
Şəhid ailələrinin üzvləri dövlətin onlara göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə ediblər, bütün bunlara görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra aparatının rəsmi şəxsləri, hüquq muhafizə orqanlarının rəhbər heyəti, yerli ictimaiyyətin nümayəndələri və şəhid ailəsinin üzvləri Lənkərandan olan Milli Qəhrəmanların abidəsini, sentyabrın 27-də şəhid olan Şirvanov Mehman Mirəziz oğlunun, Əkbərzadə Qalib Əbdüləhəd oğlunun və antiterror əməliyyatları zamanı şəhid olan Nəzərli Nicat Mübariz oğlunun məzarını ziyarət ediblər. Ziyarətlər zamanı qəbiristanlığındakı bütün şəhidlərimizin məzarları önünə gül dəstələri düzülüb, xatirələri ehtiramla anılıb, ruhlarına dualar edilib.
Anım Günü ilə bağlı saat 12:00-da bütün ölkə ərazisində olduğu kimi Lənkəran rayonunda da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb, ŞİH-nin təşkilatçılığı ilə yerli icra hakimiyyəti orqanının əməkdaşları, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin nümayəndələri tərəfindən Vətən müharibəsi zamanı şəhid olan qəhrəman Vətən övladlarının məzarları ziyarət edilib, ailələrinə baş çəkilib, qayğı və problemləri ilə yaxından maraqlanılıb.