Göygöl  Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ərəfəsində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, İcra Hakimiyyəti başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının və idarə, müəssisə və təşkilat rəhbərləri rayon ümumtəhsil məktəblərində pedaqoji kollektivlərlə görüşüb, müəllimləri Peşə Bayramı Günü münasibəti ilə təbrik edərək xoş arzularını çatdırıblar.

"Unikal" xəbər verir ki, görüşlərdə edilən çıxışlarda qeyd olunub ki, 5 oktyabr dünya ictimaiyyətinin məhəbbətlə qarşıladığı və daim qəlbində gəzdirdiyi müəllimlərin peşə bayramı, Beynəlxalq Müəllimlər Günüdür. Ölkəmizdə müəllimlər günü 1993-cü ildən qeyd edilməyə başlanıb.  Beynəlxalq Müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirmiş, onlara böyük hörmətlə yanaşmış, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalmışdır. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə  hərtərəfli qayğı dövlətin öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir.