Dünənki düşmənlər və bugünkü rəqiblər: onlar birləşə bilərlərmi?
20:34 02-07-2013
CƏMİYYƏT
Dünənki düşmənlər və bugünkü rəqiblər: onlar birləşə bilərlərmi?
"Gözlənilən oldu və Milli Şuranın sədri Rüstəm İbrahimbəyov oktyabr ayında keçiriləcək prezident seçkilərinə müxalifətin vahid namizədi kimi qatılmağa razılıq verdi"
Kinodramaturq Rüstəm İbrahimbəyov barədə bu açıqlama tragikomediya təsiri bağışlayır. Çünki Milli Şura əslində Rüstəm İbrahimbəyov üçün yaradılmışdı və məhz bu adamı kreaturası qismində ortaya atan "Milyarderlər İttifaqı" planlarını tədricən həyata keçirməkdə olduğunu göstərməyə çalışır.
Fəqət, cənab İbrahimbəyov tanınmış kinodramaturq olsa da, bu dəfə başqalarının ssenarisi üzrə hərəkət edərək ona biçilmiş rolu ifa etdiyindən sürəkli səhvlərə yol verir.
Azərbaycan müxalifətini birləşdirməyi qarşısına məqsəd qoyan struktur elə həmin müxalifətdə birmənalı qarşılanmır.
Kimi Milli Şuranı Rusiyanın Azərbaycanın daxili işlərinə kobud müdaxilə cəhdi kimi dəyərləndirir, kimi Rüstəm İbrahimbəyovun həvəskar və bacarıqsız siyasətçi olduğunu deyərək onun sədrliyi ilə heç nəyə nail olmayacaqlarını vurğulayır, kimi də "dünənki düşmənlər və bugünkü rəqibləri bir araya gətirmək əslində birlik görüntüsü yaratmaqdır" söyləyir.
Məsələn, tanınmış müxalifətçi və sabiq baş nazir Pənah Hüseyn hesab edir ki, Milli Şuranın konkret bir adam, yəni Rüstəm İbrahimbəyov tərəfindən yaradıldığı yox, kollektiv şüur məhsulu olduğu hissi yaranır.
Cənab Hüseyn "kollektiv şüur" dedikdə nəyi nəzərdə tutduğunu aşkar deməsə də, situasiyanı və Milli Şura ilə bağlı aylardan bəri yazılanları, deyilənləri nəzərə alsaq, onun kimlərdən bəhs etdiyi şübhə doğurmur.
Rusiyanın maraqlarını Azərbaycanda tam təmin etməyə çalışdıqlarını iddia edən, əslində isə sırf öz mənafelərini güdən adamların toplaşdıqları "Milyarderlər İttifaqı"nın üzvü R.İbrahimbəyov məhz bu strukturun Azərbaycanda keçiriləcək prezident seçkiləri öncəsi müxalifətin birləşməsinə ehtiyac duyulması barədə açıqlamalarından sonra Milli Şura ideyasını gündəmə gətirdi.
Belədirsə, İbrahimbəyovun səmimiyyətinə, onun "məhz Azərbaycanı və ölkə müxalifətini düşünməsi" barədə dediklərinə inanmaq sadəlövhlük deyilmi?
Politoloq Araz Əlizadə Milli Şuranı oyuncaq qurum sayır və bu strukturun nominal rəhbərləri Rüstəm İbrahimbəyovla Eldar Namazovu vəziyyətdən maksimum bəhrələnməyə çalışan insanlara bənzədir.
A.Əlizadə hesab edir ki, "ABŞ, Türkiyə və Rusiya Azərbaycan müxalifətinə kömək edəcək" vədləri ilə müxalifətçiləri aldatmağa, onları yalanlara tuş edərək məqsədlərinə çatmağa çalışan R.İbrahimbəyov və E.Namazov cütlyü əsla Azərbaycanı düşünmür.
"Məndə belə hiss yaranıb ki, sürəkli olaraq demokratiya, müstəqillik və insan haqlarından danışan bəzi insanlar "böyük qardaş" olmadan keçinə bilmir, sürəkli olaraq özlərinə "xozeyin" arayırlar.
Onlar Azərbaycanın qonşu dövlətlərlə bərabər münasibətlər qurmağa çalışmasından narazıdırlar. Daim kiminsə kölgəsində olmağa çalışmaq sırf qul psixologiyasıdır. Fəqət, geriyə dönüş olmayacaq", - A.Əlizadə deyib.
Milli Şurada təmsil olunmuş təşkilatlar və şəxslər dünənədək qarşı tərəflərdə, əks düşərgələrdə idilər. Hansısa seçkilər naminə bir araya gələn və ittifaq, birlik yaradan siyasi təşkilatlarla siyasətçilərin hakimiyyət uğrunda mübarizəsinin nə ilə başa çatdığını müxtəlif ölkələrdəki proseslərin timsalında aydın görmək olur.
Meksikadan tutmuş, Ukraynaya və Nigeriyadan tutmuş, Tailanda qədər ən müxtəlif ölkələrdə müxalifətdəki rəqiblər konkret məqsəd uğrunda birlik görüntüsü yaratsalar da, onların sözdə ittifaqı çox çəkmir və dünənki rəqiblərin qarşıdurmaları daha da gərginləşir. Belə hallarda "birləşənlər" ölkənin maraqları və ya vətəndaşların mənafeləri yox, sırf öz istəklərinin təminatını düşünürlər.
Milli Şurada da eyni prosesdir.
Bu strukturun rəhbərliyinin tragikomik davranışlarının bitkin və səbatlı siyasi fəaliyyətdən çox uzaq olduğu bəlli. Əsas problem odur ki, Azərbaycan müxalifətindəki ən müxtəlif maraqlar və mövqelərə malik siyasi təşkilatlarla şəxslərin indi guya bir araya gəlmələri onların daxili tələbatı yox, Azərbaycandan kənardakı qüvvələrin istəyidir.
Milli Şura rəhbərliyi bunu pərdələyir, inkar edir, boynuna almır və təşkilatın bəzi üzvləri də səmimi şəkildə deyilənlərə inanırlar.
Lakin elə həmin adamlar, yəni səmimiyyət olduğunu düşünərək Milli Şura ideyasını dəstəkləyənlər bir qədər sonra yanıldıqlarını anlayacaqlar.
Millət vəkili Musa Qasımlı Milli Şuranı "Milli Fəlakət Şurası" adlandırıb və fikrimizcə, bu, Azərbaycanı başqa dövlətlərin maraqlarının təminat məkanı, siyasi eksperimentlər müstəvisinə çevirməyə can atan qüvvələr barədə deyilən, diaqnoz təsiri bağışlayan sözlərdir.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun fikrincə isə, ölkə müxalifəti son onilliklərdəki apatiya və uğursuzluq mühitindən qurtula bilmədiyini etiraf etməsə də, belədir. O, müxalifət düşərgəsindəki miskin durumu etiraf etməyə cəsarət tapıb.
"Düşünürəm ki, qarşıdan gələn seçkilərdə müxalifət ciddi addım ata, uğur qazana bilməyəcək. Bunu proseslər göstərir. Milli Şuranı müxalifətin inteqrasiya prosesi kimi qiymətləndirə bilmərik. İnteqrasiya müxalifətin bir araya toplaşması deməkdir. Amma inteqrasiya prosesi təbii getmədi", - S.Cəlaloğlu deyib.
Milli Şuraya daxil olan qüvvələrin birliklə bağlı mövqeləri də aydındır. Onlar birlik məsələsində bir-birinə əks mövqe tuturdular və hətta bir yerdə oturub müzakirələr aparmağa razı olmurdular. İndi həmin siyasətçilərin qəfildən bir araya gəlmələri göstərir ki, bu məsələdə xarici amil ciddi rol oynayıb.
Ona görə də Milli Şuranın sözdə "birlik" məsələsi xalqımız və dövlətimiz üçün heç bir yaxşı nəticə verə bilməz.
Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun müxalifətin vahid namizədi sayılması ehtimalı elə müxalifətçilər üçün qroteskdir.
Səbəb bəllidir: bu şəxs ən müxtəlif kriteriyalar baxımından vahid namizəd roluna əsla layiq deyil.
Müxalifətçilər bunu anlamağa başlayıblar və indi elə Milli Şura tərkibində mübahisələr, fikir toqquşmaları yaşanır.
Di gəl, nələrin baş verməsindən asılı olmayaraq, Milli Şura adı ilə müxalifətin psevdobirləşməsi heç bir nəticə verən deyil.
Ən azı, ona görə ki, sifarişli əqidə və ssenari üzrə mübarizə komediyadır.
Baş rolda dramaturq olsa belə...
Novruz Sultanov
Digər Xəbərlər
2024-12-27 09:33:13
2024-12-27 09:21:00
2024-12-27 08:58:34
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17