"Azərbaycanın TAP layihəsini seçməsi tarixi qərardır"
20:36 02-07-2013
CƏMİYYƏT
"Azərbaycanın TAP layihəsini seçməsi tarixi qərardır"
"Şahdəniz" Konsorsiumunun qərarı Avropanın enerji təchizatlarının təminatı baxımından əsl sıçrayış oldu"
Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Günter Ottinger Azərbaycan qazının Avropaya nəqli üçün TAP layihəsinin seçilməsini tarixi qərar adlandırıb.
Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, G.Ottinger bildirib ki, Avropa üçün bu, 2020-ci ilədək ildə 10 milyard kub metr təbii qaz deməkdir.
Onun sözlərinə görə, 2009-cu ildə qaz təchizatı ilə bağlı baş vermiş Ukrayna böhranından (və ondan əvvəl 2006-cı ildə baş verən böhrandan) sonra Avropa Birliyi (AB) öz qaz təchizatını diversifikasiya etməyə çalışır: "Bu, marşrutların, mənbələrin və tərəf müqabillərin diversifikasiyası deməkdir. Daha çox tərəfdaşla danışıqlar aparmaq gələcəkdə qaz təchizatının kəsilməməsi və Avropa iqtisadiyyatının rəqabətliliyini saxlamaq üçün zəruri olan qaz təchizatlarının təmin edilməsi baxımından Avropanın şansını artıracaq. Azərbaycan bu prosesdə qapıları açan tərəfdir. Ancaq Cənub Qaz Dəhlizində bundan başqa AB-nı Türkiyə, Şərqi Aralıq regionu, İraq, Azərbaycan və digər ölkələrlə birləşdirən əsas mənbələr var".
Avrokomissar qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev real strateji nöqteyi-nəzərdən Türkiyə ilə birgə Avropa sərhədinədək TANAP adlanan və genişlənə bilən iri boru kəmərinin tikilməsi üçün öhdəlik götürüb: "Bu kəmər ilkin olaraq qazı "Şahdəniz 2" layihəsindən və nəhayət, Azərbaycandakı digər yataqlardan Avropa bazarına çatdıracaq. Bu gün gördüklərimiz sadəcə bir başlanğıcdır. Birinci olaraq TAP-ın tikintisinə və sonradan daha çox qazın daşınmasına dair verilən qərar ondan xəbər verir ki, Avstriyaya marşrut - hazırda "Nabucco West" hələ də aktualdır. Məsələ bu və ya digər boru kəmərinin olmasında deyil, orta müddətdə onların hər ikisinə ehtiyac var. Bir məsələ dəyişməz qalır: 2020-ci ildə bizim qaza olan ehtiyacımız artacaq, Xəzər qazı bu ehtiyaca yaxşı bir cavabdır".
G.Ottingerin fikrincə, TAP və "Nabucco" arasında seçimdən daha əhəmiyyətlisi Cənub Qaz Dəhlizinin açılmasıdır: "Səmərəli və funksional daxili enerji bazarı, zəruri infrastruktur və geri axınla qaz AB-yə daxil olduqdan sonra daxili enerji bazarı ilə Avropanın istənilən yerinə daşına biləcək. Avropa Komissiyası tərəfindən qorunan qarşılıqlı əlaqələr qazın üzv dövlətlərə çatdırılmasını təmin edəcək ki, Rumıniya, Bolqarıstan və Macarıstan kimi ölkələrdə bir və ya bir neçə təchizatçı var. Bizim əsas prioritet ən zəif ölkələrlə işə başlamaqdır. Məsələn, Bolqarıstanla bağlı Avropa öz enerji təhlükəsizliyi üçün zəruri olan enerji sahəsində uzun müddətli strateji qərarların alınmasında hökumətə yardım etmək üçün daha çox işləməlidir. Serbiya və Bolqarıstan arasında bağlantının qurulması üçün də Komissiya bu iki ölkə ilə işləyir, indi Rumıniya Macarıstan və Bolqarıstana qoşulub. Komissiyanın rəhbərlik etdiyi Şimal-Cənub təşəbbüsü Cənub Qərb və Mərkəzi Avropada daxili bağlantılar şəbəkəsini quracaq bir çox kiçik daxili birləşdirici xətlər yerləşdirib. Ancaq Cənubi Avropaya rəqabətcil qiymətlər gətirmək üçün yenə də çox iş görülməlidir".
G.Ottinger Şərqi Aralıq dənizi regionunda resursların dərindən inkişaf etdirilməsini görmək istədiyini vurğulayıb: "Kipr hökumətinin adada Mayeləşdirilmiş Təbii Qaz (MTQ) ixrac mexanizmini inkişaf etdirmək cəhdləri bu təşəbbüsün bir hissəsidir. Bizə Yunanıstandan Ukraynayadək çevik liberallaşdırılmış boru kəməri sistemi lazımdır. Bəs Azərbaycanın bu işdə marağı nədir? Azərbaycan Avropanın təhlükəsiz variant olduğundan xəbərdardır ki, əksər hallarda bir çox yerlərdə bu nəzərə alınmır. Avropa qaydaları sabitdir, gəlirlər daimi və dəyərlidir. Azərbaycan öz gələcəyini Avropaya bağlayır. Avropa üçün "Şahdəniz" Konsorsiumunun qərarı gələcək baxımından Avropanın enerji təchizatlarının təminatı baxımından əsl sıçrayış oldu. Qlobal enerji bazarlarının mövcud olduğu və ehtiyatlar üçün rəqabətin artığı bir dünyada biz Avropanın enerji maraqlarını təşviq etməyə və əsas təchizatçı ölkələrlə dərin tərəfdaşlıqlar qurmağa davam edəcəyik. İnanırıq ki, bizim cəhdlərimiz nəticəsində Avropanın ev təsərrüfatları və iş dairələri enerji təchizatı ilə təmin olunacaq və Avropanın rəqabətliliyi artacaq".
Qeyd edək ki, Azərbaycan "Şahdəniz-2" layihəsi çərçivəsində hasil ediləcək təbii qazın Avropaya çatdırılması üçün boru kəmərinin seçilməsi ilə bağlı qəbul etdiyi qərarını iyunun 28-də rəsmən açıqlayıb. "Şahdəniz" konsorsiumu son iki il ərzində Avropaya qazın nəqli üçün boru kəmərinin bir neçə seçim variantını nəzərdən keçirib və TAP (Trans Adriatic Pipeline) üzərində dayanıb. Uzunluğu 870 km olacaq TAP kəməri Azərbaycan qazını Türkiyə, Yunanıstan və Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq. Layihənin ümumi dəyəri təxminən 2,2 mlrd. ABŞ dolları təşkil edir.
TAP layihəsinin əsas mənbəyi "Şahdəniz"in ikinci fazası çərçivəsində hasil olunacaq qazdır. Proqnozlara əsasən, ikinci fazada hasilata 2016-cı ildə başlanacaq və TAP kəmərinin tikintisinə 3 il tələb olunacaq. İlkin mərhələdə qaz kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq, daha sonra isə həcm 20 mlrd. kubmetrədək artırılacaq.
Hazırda layihənin 3 səhmdarı var ki, bunlar "EGL", "Statoil" və "E.ON Ruhrgas" şirkətləridir.
Fuad
Digər Xəbərlər
2024-12-27 13:12:59
2024-12-27 13:08:44
2024-12-27 12:40:21
2024-12-27 12:39:05
2024-12-27 12:37:10
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59
2024-12-27 11:46:50
2024-12-27 11:45:35