"Burada danışılası heç nə yoxdur"
19:31 04-07-2013
CƏMİYYƏT
"Burada danışılası heç nə yoxdur"
Politoloqlar ATƏT-in Minsk qrupunun tam tərkibdə toplaşması ehtimalına dair fikirlərini açıqlayıblar
Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyəti İstanbulda sessiyasında yeni təşəbbüslə çıxış edib. Deputatlar hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etmək üçün ATƏT-in Minsk konfransı çağırılmalıdır. Söhbət ATƏT-in Minsk qrupunun tam tərkibdə toplaşmasından gedir.
Bu qrup 1992-ci ilin martın 24-də Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli üçün yaradılıb. Hazırda qrupda Azərbaycan və Ermənistandan savayı, 11 ölkə təmsil olunur: Almaniya, Belarus, Finlandiya, İtaliya, İsveç, Niderland, Portuqaliya, Türkiyə, Rusiya, Fransa, ABŞ. 1994-cü ilin dekabrında Minsk qrupunda həmsədrlik institutu təsis olunub. 1997-ci il yanvarın 1-dən qrupa ABŞ, Rusiya və Fransa həmsədrlik edirlər.
Sabiq dövlət katibi, politoloq Vəfa Quluzadə hesab edir ki, ATƏT Parlament Assambleyasındakı azərbaycanlı deputatların təklifi qəbul olunmayacaq və Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək uçun Minsk konfransı çağırılmayacaq: "ATƏT-in Minsk qrupunun üç həmsədri təyin olunmamışdan əvvəl Dağlıq Qarabağ münaqişəsi ATƏT-in iclaslarında geniş tərkibdə müzakirə olunurdu. Mən həmin müzakirələrin hamısında iştirak etmişəm. Müzakirələr uzun sürdüyünə görə belə qərara gəlindi ki, üç həmsədr ölkə olsun. Əslində nə onda, real müzakirə var idi, nə də indi var. İndiki mərhələdə münaqişənin həllinə cəhdlər bir nəticə verməyəcək. Çünki istər ATƏT bütövlükdə, istərsə də ATƏT-in Minsk qrupu hələlik Rusiya ilə danışmaq imkanında deyil. Qarabağ münaqişəsini Rusiya özü bilərəkdən, planlaşdırılmış şəkildə yaradıb və Azərbaycan torpaqlarının işğalını özü erməni bayrağı altında həyata keçirib. Ona görə burda danışılası nəsə yoxdur. Sadəcə, diplomatlar görüntü yaradır, həmsədrlər regiona səfər edib yüksək məbləğdə qonorar alırlar".
Politoloq Qabil Hüseynli isə deyib ki, Minsk konfransının çağırılması realdır: "Çünki münaqişə edən və hərbi təcavüzə məruz qalan bir ölkə Minsk qrupu üzvlərinin toplanmasını tələb edir. Azərbaycanın belə bir tələblə çıxış etməsi səbəbsiz deyil. Çünki danışıqlar prosesi dalana dirənib, yeni təşəbbüslər yoxdur. Ermənilər istənilən təşəbbüsü destruktiv hərəkətləri ilə heçə çıxarır. Hesab edirəm ki, bu baxımdan Azərbaycanın təşəbbüsü qiymətləndiriləcək.
Minsk qrupu ATƏT-ə bağlıdır. ATƏT-ə daxil olan ölkələrin hamısının konsensusa gəldiyi bir təqdirdə Minsk konfransı çağırılır və onun gündəliyi əvvəlcədən müəyyənləşdirilir. Amma Ermənistan konsensusa məsələsinə yox desə, onun çağırılması bir qədər müşkülləşəcək. Əgər bir dövlət etiraz edərsə, ATƏT sədri müəyyən səlahiyyətlərindən istifadə edərək konfransın çağırılmasını həyata keçirə bilər.
Ermənistanın, Rusiyanın bu təşəbbüsə münasibəti mənfi olacaq. Fransa haqqında birmənalı fikir söyləmək çətindir. Amma ABŞ buna müsbət münasibət bəsləyəcək. Hər şey ATƏT-in müvəqqəti sədrinin təşəbbüsündən və mövqeyindən asılıdır. Hazırda bu ölkə Ukraynadır. Ola bilər ki, Azərbaycan sədrlə razılaşıb, müəyyən işlər görülüb və belə bir təşəbbüs qaldırılıb".
Alı
Digər Xəbərlər
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41