Əli Əhmədov Astarada Milli Şuranı pislədi
19:32 04-07-2013
CƏMİYYƏT
Əli Əhmədov Astarada Milli Şuranı pislədi
Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi Əli Əhmədov iyulun 3-də Astara rayonunda YAP fəalları ilə görüş keçirib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, görüşdə qarşıdan gələn prezident seçkiləri ilə bağlı fikir mübadiləsi aparılıb, qarşıda duran əsas vəzifələr müzakirə edilib.
Görüşdə YAP Astara Rayon Təşkilatının sədri Firudin Əhmədov görülən işlər və qarşıda duran əsas vəzifələr barədə məruzə edib. Bildirib ki, rayon təşkilatı 150 ərazi ilk təşkilatında 6104 nəfər üzvü birləşdirir. Bunlardan 2289 nəfəri qadın, 2548 nəfəri gənclərdir. Respublikanın hər yerində olduğu kimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi Astarada da böyük təntənə ilə qeyd edilib. YAP rayon təşkilatının təsdiq etdiyi tədbirlər planına uyğun olaraq bütün ərazi təşkilatlarında, yaşayış məntəqələrində yubiley tədbirləri keçirilib. Rayonda ilk dəfə olaraq ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans baş tutub. Konfransda respublikamızın tanınmış alimləri ilə yanaşı, Hindistan, Türkiyə, Özbəkistan, Rusiyadan gəlmiş elm xadimləri iştirak ediblər. Məruzəçi bu ilin oktyabr ayında ölkəmizdə keçiriləcək prezident seçkilərinə hazırlıq işləri, bu məqsədlə partiya üzvləri arasında aparılan iş bölgüsü barədə ətraflı məlumat verib. Partiya üzvlərinin, bütövlükdə rayon seçicilərinin yekdilliklə Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildirib.
Fəallarla görüşdə YAP-ın Sədr müavini Əli Əhmədov ölkəmizdə həyata keçirilən sosial-iqtisadi layihələrdən və son on ildə qazanılan uğurlardan danışıb. Bildirib ki, ölkəmizdə həyata keçirilən məqsədyönlu tədbirlər nəticəsində əhalinin həyat şəraiti ilbəil yaxşılaşır. Əli Əhmədov bütün bunların Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib.
Ə.Əhmədov çıxışında qeyd edib ki, "hakimiyyətin mənbəyi xalqdır" ifadəsi bu gün daha aktual səslənir. Çünki qarşıdan prezident seçkiləri gəlir və seçkidə iştirak edən bütün siyasi qüvvələr yalnız xalqa söykəndiyi haqda fikir yürüdürlər. Amma Yeni Azərbaycan Partiyası iqtidara gəldiyi gündən indiyədək sübut edib ki, onun dayağı xalqdır, xalqın güvəndiyi, ümid etdiyi partiyadır.
YAP-ın Sədr müavini əlavə edib ki, siyasi partiyalar bütün zamanlarda xalqa söykənməli, xalqa arxalanmalı və xalqın dəstəyini qazanmalıdır: "Bu gün Milli Şura adı altında meydana atılan qüvvələrin xalqın dəstəyindən məhrum olduqları gerçəklikdir. Məhz buna görə də "Milli Şura" adlı qurumda təmsil olunanlar xarici qüvvələrə sığınıblar və onların diqtəsi ilə hərəkət edirlər. Xalqa söykənməyən qüvvə məhvə məhkumdur və onların heç bir gələcəyi yoxdur. Azərbaycan xalqı belə qüvvələri heç vaxt dəstəkləməyəcək".
YAP-ın Sədr müavini çıxışı zamanı gənclərə öz tövsiyyətlərini də verib. Bildirib ki, fəal gənclərin, qadınların potensialından, ziyalı insanların və ictimaiyyət arasında böyük nüfuza malik ağsaqqalların qüvvəsindən maksimum istifadə olunmalıdır.
Tədbirdə Rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev, YAP Qadınlar Şurasının sədri Aygül Məmmədova və Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək dövlət başçısının rəhbərliyi altında həyata keçirlən kompleks tədbirlərdən danışıblar. Astaralılar qarşıdan gələn prezident seçkilərində İlham Əliyevə yekdilliklə səs verəcəklərini bildiriblər.
Anar RÜSTƏMOV
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49