Abid Şərifov müəmması
21:55 05-07-2013
CƏMİYYƏT
Abid Şərifov müəmması
Baş nazir müavini hardadır?
Baş nazir müavini Abid Şərifov uzun müddətdir görünmür. Xeyli vaxtdır jurnalistlər qarşısına çıxan vitse-premyer ən müxtəlif dövlət tədbirlərində də gözə dəymir. Bunun səbəbləri isə maraq doğurur.
Ən ilginc olanı odur ki, Abid Şərifov ötən ilin son günlərində Bakıdakı villasının yanmasından qısa müddət sonradan etibarən tam passiv mövqeyə çəkilib. Xatırladaq ki, 2012-ci ilin dekabrının son günlərində məlumat yayıldı ki, Bakıda 3 mərtəbəli fərdi yaşayış evi yanır. "Avropa" hotelinin yaxınlığındakı evin damında başlayan yanğın bir müddət sonra söndürülsə də villaya ciddi ziyan dəymişdi. Yanğından sonra əksər KİV-lər yanan villanın məhz baş nazirin müavini Abid Şərifova məxsus olduğunu bildirdilər. Maraqlı olan həmin iddianın təkzib edilməməsi, yanan villa ilə bağlı isə sonradan hər hansı rəsmi açıqlamaların verilməməsi oldu.
Bunun ardınca isə Abid Şərifovun adı ətrafında daha maraqlı proseslər cərəyan etməyə başladı.
Əvvəlcə, məlum olaydan 10-15 gün sonra onun bacısı oğlu olan ədliyyə polkovniki Elxan Sadıqov Bakı İstintaq Təcridxanasının rəisi vəzifəsindən getdi. Düzdür, rəsmi məlumatda bildirildi ki, Elxan Sadıqov təqaüdə çıxıb. Amma mətbuat daha çox bu versiyanın üzərində dayandı ki, keçmiş rəis əsasən korrupsiya ittihamları və Abid Şərifovun yaxın qohumu olması səbəbindən işdən uzaqlaşdırılıb.
Elxan Sadıqov məhz dayısının sayəsində penitensiar sistemdə karyera yüksəlişinə nail olub. Onun görəvdən alınması da elə Abid Şərifovun hakimiyyət içində mövqelərinin zəiflədilməsi istiqamətində atılmış bir addım sayılırdı.
Bacıoğlusunun "vurulumasından" bir neçə ay sonra baş nazir müavini növbəti xoşagəlməzliklə üzləşdi. Belə ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 38-də yerləşən yataqxananın bir qrup sakini mənzil maxinasiyası ilə üzləşmələrindən dolayı Prezident Administrasiyasının (PA) qarşısında aksiya keçirdilər. Bundan başqa, etirazçılar yaşadıqları binanın qarşısına qara parça bağladılar.
Onlar bildirdilər ki, buna səbəb Baş nazirin müavini Abid Şərifovun vədinə əməl etməməsidir. Belə ki, baş nazir müavini sakinlərlə yanvar ayının əvvəlində görüşəcəyinə söz verib. Hətta yataqxanaya gələrək, oradakı durumla tanış olacağını də vəd edib, lakin gəlib çıxmayıb. Sakinlər də A.Şərifovun yalan vədinə etiraz əlaməti olaraq aksiyalara əl atdıqlarını dedilər. Bundan sonra baş nazirin müavininin ünvanına KİV-də tənqid dolu yazılar dərc edildi, onun unudulmuş biznes imperiyası yenidən mətbuatın dilinə düşdü.
Bu da son olmadı. Çox keçmədi ki, Abid Şərifovun yaxın qohumu olan Şəki 15 saylı Yol İstismar idarəsinin rəisi Şahin İbadovun əməlləri haqqında şikayətlər mətbuat səhifələrinə sızdı. Şikayətçilər bildirirdilər ki, Şahin İbadov idarədə çalışanların maaşlarının ən az 40 faizini əlindən alır. Bundan başqa bildirilir ki, adı Şəki 15 saylı Yol İstismar idarəsinin işçisi olaraq keçən şəxslərin böyük bir hissəsi Şahin İbadovun qohumlarıdır və onlar heç bir zaman işə çıxmırlar. Şahin İbadov 30-dan artıq olan həmin şəxslərin maaşlarını özü alır. Şikayətlərdə həmçinin yolların təmir-tikintisinə ayrılan pulların mənimsənilməsi, idarənin texnikasının kənar işlər üçün istifadə olunması və s kimi ittihamların irəli sürüldüyü kimi ittihamlar özünə yer alırdı.
Maraqlıdır ki, ard-arda baş verən bu xoşagəlməzliklərdən sonra təxminən üç aydır baş nazir müavini Abid Şərifov tamamilə qeybə çəkilib, mətbuata heç bir açıqlama vermir, mühüm dövlət tədbirlərində belə nəzərə çarpmır.
İstisna edilmir ki, əslində vitse-premyer bütün bunları özünə qarşı məqsədli "qara piar" kampaniyası hesab edib. Bu kampaniyanı isə prezident seçkilərindən sonra formalaşacaq yeni hökumətdə təmsil olunmayacağına dair bir mesaj kimi qəbul edən Abid Şərifov tamamilə kölgəyə çəkilməyi və payızı gözləməyi qərara alıb.
Ümumi mənzərə baş nazir müavininin artıq tamamən özü haqqında verilən siyasi qərarla razılaşdığını deməyə əsas verir. Tamamilə realdır ki, yaşı 70-dən artıq olan vitse-premyer gənc kadrların hökumətə yolunun açılması və özünün məcburi təqaüdə göndərilməsi ilə barışıb və hazırda tutduğu vəzifədə son günlərini saymaqla məşğuldur.
İkinci versiya isə odur ki, Abid Şərifov özünü mətbuatda "Unutdurmaqla" seçki ərəfəsində adının daha çox hallanmasının qarşısını almaq istəyib. Bununla da baş nazir müavini, hökumət rəhbərinin digər müavinləri ilə müqayisədə "ictimai rəyin daha az narazı olduğu vitse-premyer" obrazını yaratmaq və prezident seçkilərindən sonra formalaşacaq yeni hökumətdə də indiki postunu qorumaq niyyəti güdə bilər.
Hər halda bu deyilənlərin hansında nə qədər həqiqət payı olduğunu yaxın zaman göstərəcək. Yaşayarıq, görərik.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49