Əli Bayramov ölkəboyu problem yaradıb
02:35 07-07-2013
CƏMİYYƏT
Əli Bayramov ölkəboyu problem yaradıb
"Aqrolizinq" Naxçıvan fermerlərini də pis vəziyyətdə qoyub
Naxçıvanda əhali necə deyərlər, çörəklə imtahana çəkilə bilər. Məsələ burasındadır ki, muxtar respublikada kombayn çatışmazlığı taxılın zəmilərdə qalıb xarab olmasına səbəb olur. Fermerlər deyir ki, "Aqrolizinq" ASC-nin kombayınları kifayət etmədiyindən əkdikləri taxılı vaxtında biçdirə bilmirlər. Bu da məhsuldarlığın aşağı düşməsinə səbəb olur.
Fermerlərin bildirdiyinə görə, bu il Babək rayonunun Nehrəm kəndinin zəmilərində 800 hektardan artıq taxıl əkilib. Kənd sakinləri deyir ki, biçin vaxtının başlamasından bir aydan artıq vaxt keçməsinə baxmayaraq, kombayn çatışmazlığından taxılın yarıdan çoxu yerdə qalıb. Nehrəmlilər qeyd edirlər ki, Naxçıvan Muxtar Respublika Kənd Təsərrüfatı Nazirliyindən və icra nümayəndəliyindən dəfələrlə kömək istəsələr də bunun faydası olmayıb. Fermerlərin sözlərinə görə, onlar "Aqrolizinq"in yerli filiallarına bir neçə dəfə müraciət edirlər, amma bir faydası olmur. Belə ki, adıçəkilən ASC-nin kombaynları hələlik bir qrup məmura aid olan zəmiləri biçməklə məşğul olduğundan kasıblar növbə gözləməli olurlar: "Əkinimizi biçdirməyə kombayn çatışmır. Kimin gücü çatır biçdirir, gücü çatmayan biçdirə bilmir. Bəzi məmurlar kombaynları aparıb öz yerlərini biçdirir, bizimkilər qalır. "Aqrolizinq" ASC kombaynları bizim kimi kasıb-kusubun yerini biçmir. Məmurlar rahatlıqla biçdirir, yerli camaat da baxa-baxa qalmışıq".
Ekspertlərin fikrincə isə fermerin öz taxılını biçdirmək imkanı yoxdursa, bu işi müvafiq dövlət orqanları öz üzərilərinə götürməlidirlər: "Kombayn bahadır deyə, çatışmır. Biçdirmək də bahadır. Ona görə də kəndli öz sahəsini biçdirə bilmir. Məhsuldarlıq da aşağı olur. Ona görə də əl vermir. Məmurlar, varlıların yerlərini ona görə biçir ki, onların imkanı var. Onlar çox pul verir deyə, gedib birinci onu biçirlər".
Mütəxəssislər hesab edirlər ki, ölkəyə aqrolizinq yolu ilə kombaynların gətirilməsində şəffaflığın olmaması da belə vəziyyəti doğuran başlıca problemlərdəndir.
Əslində indi tək Naxçıvanda yox, bütün ölkədə kombaynı qıtlığı müşahidə edilir. Bu üzdən də əksər əyalətlərdən taxıl və arpanın elə sahələrdəcə məhv olduğu ilə bağlı şikayətlər eşidilir.
Qeyd edək ki, srağagün ölkə başçsısı kənd təsərrüfatı məhsulları istehsalçılarının texnika ilə təminatına əlavə dəstək haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, fermerlərin bu il taxılyığan kombaynlara ehtiyacını təmin etmək üçün "Aqrolizinq" ASC-yə 15 milyon manat ayrılıb.
Amma Əli Bayramovun rəhbərlik etdiyi ASC-nin ölkəboyu tüğyan edən kombayn problemini bu vəsaitlə həll edəcəyinə inanmaq çətindir. İndiyədək ayrılan külli miqdarda vəsaitdən sonra hələ də az qala Azərbaycanın bütün rayonlarında məlum problem qalıb, hətta daha da dərinləşibsə, yeni ayrılan vəsaitlə bu problemin yoluna qoyulacağına necə inanmaq olar?
KİV və ekspertlər hesab edirlər ki, "Aqrolizinq"də korrupsiyanın dərin kök salması belə bir inam bəsləməyə əl yeri qoymur. Məsələn, təsəvvür edin ki, 2009-cu ildə "Aqrolizinq"ə ayrılmış 37,5 milyon manatın 29,1 milyon manatı traktor, kombayn və digər kənd təsərrüfatı texnikasının alınmasına sərf olunub. Növbəti illərdə də bu işə on milyonlarla manat xərclənib. Amma ortada heç bir nəticə yoxdursa, ilbəil kombayn çatışmazlığı daha dəhşətli hal alırsa, bundan sonra vəziyyətin dəyişəcəyi yönündə optimist olmaq mümkündürmü? Hələ onu demirik ki, "Aqrolizinq" vasitəsilə xaricdən alınıb ölkəyə gətirilmiş kənd təsərrüfatı texnikasının heç də hamısının lizinqə verilmədiyi barədə məlumatlar var. Hətta indiyədək alınmış kombayn, traktor, ekskavator və digər texnikanın cəmi 40 faizinin lizinq yolu ilə satıldığı deyilir. Yerdə qalanı isə servis xidmətlərinin anbarlarında saxlanıldığı iddia olunur.
Yəni ortada kifayət qədər müəmmalar, şübhələr var. Və bu şübhələrin, müəmmaların hamısı "Aqrolizinq"də korrupsiya qoxusunun get-gedə artmasından qaynaqlanır. Açıq-aydın görünür ki, bu qurum dövlət vəsaitlərini şəffaf şəkildə, təyinatı üzrə xərcləməkdə çətinlik çəkir. Əvəzində səhmdar cəmiyyət sədrinin şəxsi sərvətləri haqqında məlumatlar qəzet səhifələrini bəzədiyi halda, fermerlərin ah-naləsi də ilbəil daha yüksəkdən eşidilir.
Əli Bayramovun səhmdar cəmiyyətində mənimsəmələrin artıq hökumətin ən yüksək səviyyələrində dilə gətirildiyini, hətta ölkə başçısının bu ilin fevralındakı məşhur iclasda bu mövzuda açıq və sərt üslubda danışdığını xatırladan mütəxəssislərin rəyinə görə isə, "Aqrolizinq"də mövcud idarəçilik dəyişməzsə, ayrılan vəsaitlərin daim korrupsiya predmeti olması, bunun əziyyətini isə fermerlərin, ümumilikdə isə kənd təsərrüfatı sektorumuzun çəkməsi qaçılmazdır.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-26 11:26:39
2024-12-26 11:04:45
2024-12-26 10:40:22
2024-12-26 10:33:02
2024-12-26 10:28:25
2024-12-26 10:18:45
2024-12-26 09:46:20
2024-12-26 09:40:57
2024-12-26 09:34:25
2024-12-26 09:26:59
2024-12-26 09:05:05
2024-12-26 08:58:34
2024-12-26 08:57:00
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31