"Milli Şura"da ikitirəlik yaranıb
02:38 07-07-2013
CƏMİYYƏT
"Milli Şura"da ikitirəlik yaranıb
Rüstəm İbrahimbəyov qurum daxilində ona qarşı çıxanları ağızlarından vurmaqla hədələyir
Bir neçə gün öncə Rüstəm İbrahimbəyovu prezident seçkilərində özünün vahid namizədi kimi müəyyənləşdirən antimilli "Milli Şura" daxilində ixtilaflar və çəkişmələr yeni mərhələyə qədəm qoyub. İndi bu qondarma şura daxilində əsəblər gərginləşib və aqressiv müxalifətçilərin arasında söz müharibəsi gedir. Elə bu ixtilaflar da "Milli Şura"nın sonunu sürətlə yaxınlaşdırmağa istiqamət götürüb.
Əslində, "Milli Şura" ilə bağlı söz-söhbətlər və bu qurumun daxilindəki ziddiyyətlər əsasən Pənah Hüseynin bir neçə gün öncə dağıdıcı müxalifətin əsas müzakirə mövzusuna çevrilmiş müsahibəsindən sonra yeni mərhələsinə qədəm qoyub. Onun "İlk dəfədir rejissoru özümüz olmadığımız oyunda rol almaq zorunda qalmışıq" fikri "Milli Şura"nın antiazərbaycançı dairələrin layihəsi olması ilə bağlı dağıdıcı müxalifətin öz daxilindən gələn bir etiraf idi. "Digər tərəfdən, açığı, Rüstəm bəyin bəzən bir-biri ilə ziddiyyət təşkil edən bəyanatlarını, açıqlamalarını, yanaşmalarını bir sıraya düzdükdə belə təəssürat yaranır ki, bunlar təsadüfi gedişlər, təsadüfi açıqlamalar deyil. Bəzən də belə təəssürat yaranır ki, ümumiyyətlə, bu, yalnız bir nəfərin, konkret halda Rüstəm İbrahimbəyovun yox, sanki onun arxasındakı işləyən bir kollektiv ağlın, siyasi düşüncə mərkəzinin işləyib hazırladığı plandır" kimi ifadələr də "Milli Şura" və R.İbrahimbəyovun barəsində deyilənləri təsdiqləyir.
P.Hüseynin söylədikləri yalnız R.İbrahimbəyova yaxınlığı ilə seçilən bir-iki nəfər tərəfindən etirazla qarşılandı. Onlar da ortaya məntiqli və düz-əməlli bir arqument qoya bilməyərək P.Hüseyni həddən artıq ağıl nümayiş etdirməkdə günahlandırdılar. Lakin "Milli Şura"ya daxil olan dağıdıcı müxalifət partiyaları, xüsusən Müsavat tərəfindən P.Hüseynə heç kim etiraz etmədi. Məhz bu faktın özü "Milli Şura" daxilində fikir ayrılıqlarının yeni mərhələyə qədəm qoymasının, eləcə də ikitirəliyin başlamasının göstəricisi idi. Nəhayət, "Milli Şura"nın iyulun 2-də keçirilmiş iclasında İ.Qəmbərin "Milli Şura"nın namizədinin qeydə alınmasına qədər Müsavat Ali Məclisinin prezidentliyə namizəd haqqında 4 yanvar qərarı qüvvədə qalır" deməsi, R.İbrahimbəyova yaxın şəxslərin isə bunun "Milli Şura"nın prinsiplərinə zidd olmasını vurğulamaları qurum daxilində faktiki olaraq ikitirəliyin yarandığını ortaya qoydu.
Ümumiyyətlə, proseslərin ümumi fonunda İ.Qəmbərin özünə "əl yeri" saxlayacağı əvvəlcədən gözlənilirdi. Əslində, hazırkı proseslər də Müsavatın R.İbrahimbəyovu sona qədər dəstəkləməyəcəyini deməyə əsas verir. Hər halda Müsavat gözləmə mövqeyindədir. Müsavatçıların da öz açıqlamalarında dönə-dönə vurğuladıqları və "Milli Şura"da qaldırdıqları məsələ R.İbrahimbəyovun Azərbaycana gəlməsidir. R.İbrahimbəyov isə deyəsən, Azərbaycana gəlmək fikrində deyil. Çünki o özünə dəstəyi Azərbaycanda yox, xaricdə axtarır. Bu da "Milli Şura"nın ssenarisinə uyğundur.
Bu arada R.İbrahimbəyov onun Bakıya gəlməsini tələb edənlərə olduqca sərt tonda cavab verib. "Belə tələb irəli sürən adamların ağzından vurmaq lazımdır. Mən bu barədə çirkin məqalələr oxuyuram. Hamısı satqın adamlardır. Yeri gəlsə, o adamların ağzından özüm vuraram", - deyə o bildirib.
Bu ifadələr R.İbrahimbəyovun içərisində demokratiya ilə bir araya sığmayan ruhun olduğunu göstərir. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib ki, özünün tərəfdarının ağzının üstündən vurulmasını tələb edən, fərqli fikir dediyinə görə təxribatçı adlandıran bir adam sabah öz əleyhdarlarına necə divan tutar? O, daha sonra deyib: "Mən R.İbrahimbəyovun o fikirlərindən çox narahat oldum ki, "Milli Şura" Azərbaycana diktator təqdim edir. R.İbrahimbəyovun bu ritorikası diktator ritorikasıdır". S.Cəlaloğlu vurğulayıb ki, danışan adamın ağzının üstündən vurmağı yalnız diktator tələb edə bilər. "Bu gün sən artıq camaatın ağzından vurmağı tələb edirsənsə, gör sabah sənin əlində hakimiyyət olsa, camaatın başına nə oyun açarsan. R.İbrahimbəyovun antidemokratik düçüncə tərzinə görə "Milli Şura"dan Azərbaycanı yaxşı sürpriz gözləmədiyi qənaətinə gəlmişəm", - deyə o bildirib.
Dağıdıcı müxalifətin hər seçkidən-seçkiyə yaratdığı birliklər heç seçki başa çatmamış ənənəvi səbəblər üzündən dağılıb. Çünki bir-birini bəyənməyən, qəbul etməyən insanların bir sırada düzülməsi praktik baxımdan mümkün deyil. "Milli Şura"dakılar isə həm də siyasi əqidə baxımından ayrı-ayrı yolun insanlarıdır. Bu baxımdan son bir neçə gün ərzində "Milli Şura" daxilində baş verənlər təsdiqləyir ki, artıq ikitirəliyin baş qaldırdığı bu qurumun dağılacağı an məsələsidir.
Lalə
Digər Xəbərlər
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41