"Dünyada elmi adına görə adama pul vermirlər".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, elmi ada görə 60 və ya 100 manat ödəniş verilməsi misal çəkildi:
"Səmimi olaraq düşünürəm ki, 60 manatı 80 və ya 90 manat etsək, Azərbaycan elmi 20-30 faiz irəli getməyəcək. Elmi ada görə ödəniş etmək... Müasir təhsil və elm sistemində belə şey yoxdur.
Adamın PHD-si olduğuna görə əlavə pul vermirlər. Elmə görə ödəniş elmi nəticəyə görədir. Tamamilə köklü islahatlara gedib elmi xərcləri elmi nəticələrə bağlamalıyıq. Yəni, elmi nəticə varsa, elm adamının maaşı yuxarı olmalıdır. İnsan nə vaxtsa elmi ad alıbsa, ona həyatı boyu heç nə etmədiyi üçün yüksək maaş vermək məntiqli deyil. Yanaşmamız bundan ibarətdir ki, elm mütləq layihə əsaslı maliyyələşmə sisteminə keçməlidir.
Bu ildən başlayaraq elmi nəticəsi olan 100-ə yaxın alimlərə əlavə ödənişlər etməyə başlamışıq. Bu prosesi genişləndirməyi düşünürük. Elmi adlar önəmlidir, amma alim olan şəxslərin elmi fəaliyyətləri maliyyələşməlidir. Biz elmi fəaliyyətin maliyyələşməsinin tərəfdarıyıq".
Anar Kəlbiyev