Faktlar İbrahimbəyovun əleyhinə işləyir...
08:04 11-07-2013
CƏMİYYƏT
Faktlar İbrahimbəyovun əleyhinə işləyir...
Professorun payızda keçiriləcək prezident seçkilərində müxalifəti namizəd kimi təmsil etməsi absurd görünür
Payızda keçiriləcək prezident seçkilərinə üç ay müddət qalıb. Müxalifət düşərgəsi hələ seçki hazırlıqlarına 2012-ci ilin payızından başlayıb. Əvvəlcə (2010-cu ildə) tamam başqa məqsədlər üçün təsis edilən İctimai Palata adlı qurum sonradan AXCP və Müsavatın seçki blokuna çevrildi. Müxalifətin 20 illik seçki ənənəsi sindromunu qırmaq üçün AXCP və Müsavat İP daxilində vahid namizəd seçmək iddiasını irəli sürdülər. Lakin ənənəyə uyğun olaraq məsələnin bu dəfə də Cəbhə və Müsavat funksionerləri tərəfindən həllinin tapılmasına imkan verilmədi. Daha sonra müxalifət Palatadan fərqli olaraq geniş formatda - “EL” Hərəkatı adlı qurumda seçkilərə getmək cəhdlərində olsa da, eyni ssenari təkrar olundu.
Proseslərin sonrakı inkişafında vahid müxalifət birliyi - Milli Şura təsis olundu. Qurum daxilində uzun çəkən namizəd çəkişmələrindən sonra müxalifət Rusiya Dövlət Kinematoqrafiya Universitetinin professoru Rüstəm İbrahimbəyovu müxalifətin vahid namizədi təyin etdilər. Kinorejissorun namizəd seçilməsinə baxmayaraq ortada ciddi problemlər var. Məsələ ondan ibarətdir ki, R.İbrahimbəyovun üzərində vergi cinayətilə yanaşı, əleyhinə işləyən digər faktlar var. O, Azərbaycanla yanaşı, həm də Rusiya vətəndaşıdır. Qanunvericiliyə görə ən azı seçkilərə 6 ay qalmış namizədliyi irəli sürülmüş şəxs xarici ölkə vətəndaşlığından imtina etməlidir. Seçkilərə 3 ay qalıb, R.İbrahimbəyovun Rusiya vətəndaşlığından imtina etməsi haqqındakı bu ölkənin Dövlət Miqrasiya Xidmətinə ünvanladığı müraciətə cavab gəlməyib. Bu isə İbrahimbəyovun seçkilərdə namizəd kimi iştirak etməsinə ciddi əngəllər törədir.
Digər tərəfdən kinorejissorun vətəndaşı olduğu Rusiya dövləti qarşısında vergi öhdəliyi var. Azərbaycan Konstitusiya Məhkəməsinin şərtlərinə görə digər dövlət qarşısında vergi öhdəliyi olan şəxsin də namizəd olması qeyri-mümkündür. Ən başlıca problemlərdən biri isə R.İbrahimbəyovun son 10 ilini daimi olaraq Azərbaycanda yaşamamasıdır. Kinorejissor, demək olar ki, ömrünün yarıdan çoxunu Rusiyada və digər dövlətlərdə keçirib. Qeyd edilən faktor da Azərbaycan qanunvericiliyilə tənzimlənir. Bu azmış kimi R.İbrahimbəyov üzərində vergi cinayəti də var. Hələ bir neçə ay bundan qabaq - İbrahimbəyovun namizədliyinin ortada olmadığı vaxt kinorejissorun sədri olduğu Azərbaycan Kinematoqrafçılar İttifaqına qarşı vergidən yayınma ittihamı ilə cinayət işi başlanıb.
Ortada məlum olan və olmayan digər faktorlar isə tamamilə R.İbrahimbəyovun namizədlik məsələsinə minusdur. Azərbaycan qanunvericiliyinə istinad etsək, professorun payızda keçiriləcək prezident seçkilərində müxalifəti namizəd kimi təmsil etməsi absurd görünür. Müxalifət düşərgəsi isə hələ də İbrahimbəyovun namizədlik məsələsində təkid edir. Məsələdə şübhəli qalan məqamlardan biri odur ki, ya müxalifətin Azərbaycan qanunlarından xəbəri yoxdur, ya da ki müxaliflər bilərəkdən İbrahimbəyov vasitəsilə ana liderləri hesab etdikləri Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli adına siyasi dvidentlər əldə etməyə çalışırlar. Hər halda bu tamam başqa mövzudur. Hesab etmək olar ki, proseslərin növbəti inkişaf mərhələsində bütün şübhəli suallara cavab tapılacaq.
Toğrul
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49