"Biz həm Strasburqda, həm də Parisdə ermənilərlə azərbaycanlılar arasında görüş keçirmək istəyirik"
18:17 16-07-2013
CƏMİYYƏT
"Biz həm Strasburqda, həm də Parisdə ermənilərlə azərbaycanlılar arasında görüş keçirmək istəyirik"
"İyulun ikinci yarısında Parisdə Fransa və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçiriləcək"
Fransanın Azərbaycandakı səfiri Paskal Monyenin Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərdən danışaraq deyib ki, Fransa Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən olub və daha dəqiq qeyd edə bilərik ki, Türkiyədən sonra ikinci ölkədir. Azərbaycan prezidentinin ilk səfərini Fransaya etməsi bir ənənəyə çevrilib. Heydər Əliyev prezident seçildikdə Fransaya səfər etmişdi, hazırkı prezident İlham Əliyev də prezident seçildikdə belə edib. Fikrimcə, bu, Fransa ilə Azərbaycan arasında uzunmüddətli dostluq ənənələrinin mövcudluğunu sübut edir.
Fransa Azərbaycanın regionda stabillik və tolerantlıq nöqteyi-nəzərindən mühüm rol oynadığının fərqindədir. Bu rol müxtəlif təşkilatlar, məsələn UNESCO, İSESCO və s. tərəfindən də qeyd edilir. Biz fransızlar üçün bu, çox vacib məqamdır. Fransa əhalisinin 10 faizini müsəlman icması təşkil edir və biz ölkəmizin müsəlman icması ilə Azərbaycanın müsəlman icması arasında dialoqu həvəsləndiririk. Bordo məscidinin imamı Tarek Ubru artıq iki dəfə Azərbaycana səfər edib və Bordoda Azərbaycan nümayəndələrinin iştirakı ilə seminar keçirib. Bu seminarda Azərbaycanın tolerantlıq sahəsində əldə etdiyi nailiyyətlər haqqında danışılıb. Bu, Azərbaycanın dünyaya verdiyi pozitiv mesajdır.
Fransa özünü Azərbaycanın dostu hesab edir, baxmayaraq ki, ölkələrimizi 4000 kilometr məsafə ayırır və Dağlıq Qarabağ münaqişəsini azərbaycanlılar çox tez-tez Fransızların azərbaycana qeyri-dost münasibətinin mənbəyi kimi qəbul edirlər. Lakin deyə bilərəm ki, bu, heç də belə deyil. Fransa Minsk Qrupunun həmsədri səlahiyyətləri çərçivəsində bu uzunmüddətli və ağrılı məsələnin sülh yolu və davamlı şəkildə həllini tapması üçün fəal rol oynayır.
Fransanın Azərbaycanla həm ikitərəfli müstəvidə, həm beynəlxalq təşkilatlar çərçivəsində yaxşı və konstruktiv diplomatik münasibətləri formalaşıb. Biz ölkənizin BMT Təhlükəsizlik Şurasında Suriya və İranla bağlı qətnamələrə verdiyi dəstəyi yüksək qiymətləndiririk. Biz güclü və müstəqil Azərbaycanı dəstəkləyirik.Səfir daha sonra ATƏT-in Minsk Qrupunun fəaliyyətinə də aydınlıq gətirib:-" Fransa nə edə bilər? Deyə bilərəm ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun sədri kimi Parisə səfər edib. O, Fransa parlamentinin sədri Klod Bartolone tərəfindən qəbul olunub, sədr Parisdə Fransa-Ermənistan və Fransa-Azərbaycan dostluq qruplarının görüşünü keçirməyi təklif edib. AŞPA prezidenti Jan-Klod Minyon Bakıya səfəri zamanı Strasburqda belə bir görüşün keçirilməsi təklifini irəli sürmək istədiyini bəyan edib. "G 8" sammiti çərçivəsində ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının son bəyanatının mətnində fikrimcə, çox mühüm təklif var: "Liderlər öz xalqlarını müharibəyə deyil, sülhə hazırlamalıdır". Fransa hökumətinin mövqeyi ondan ibarətdir ki, bu münaqişənin həll yolu tapılmalıdır. Biz bu xəttə çox bağlıyıq, Parisdə çoxsaylı görüşlər keçirilib. Bizim xarici işlər nazirimiz iyulun ikinci yarısında Parisdə cənab Məmmədyarovla yenidən görüşəcək. Biz bu məsələni həm Ermənistan, həm Azərbaycanla müzakirə edirik. Biz həm Strasburqda, həm Parisdə ermənilərlə azərbaycanlılar arasında görüş keçirmək istəyirik. Barışıq vaxtı çatıb. İnsanlar arasında təmasların təşkilini təklif edən Avropa Birliyi də bu yanaşmanı təqdir edir. Bu, çox mühümdür. Əgər hökumətlər xalqlara qarşı tərəfin düşmən olduğunu deyirsə, bu iki xalqı barışdıra bilməzsiniz. Bu, görülməli işdir. Düşünürəm ki, bunu münaqişənin hər iki tərəfi anlayır və ümidvarıq ki, bu yanaşma özünü işdə də göstərəcək.
Üç həmsədr arasında rəqabət yoxdur, onlar bir komanda şəklində işləyirlər. Paris belə görüşlərin təşkili üçün münasib yerdir, çünki ABŞ-la Qafqaz arasında yerləşir. Lakin Krakovda da belə görüşlər keçirilib. Yəni, Paris prosesə kömək etməyə hazırdır, lakin bunu seçilmək üçün etmir. Hər üç həmsədrin öz rolu var - Rusiya coğrafi, iqtisadi, hərbi və əhali (Rusiyada çoxlu erməni və azərbaycanlı yaşayır) nöqteyi-nəzərdən regionun mühüm oyunçusudur. ABŞ-ın rolu da çox mühümdür. Fransa da bu regiona çox yaxındır, həm də təkcə ölkəmizdə yarım milyon erməni əsilli vətəndaşın yaşadığına görə deyil, biz həm də Azərbaycanla yaxınıq və həll olunmayan münaqişələrin qalmasını istəmirik, çünki tarixdən bilirik ki, əhali bu münaqişələrdən necə əziyyət çəkir. Bununla da biz çox yaxşı vasitəçi ola bilərik. Üç ölkə bir komanda şəklində çalışır və düşünmürəm ki, onlardan biri digər ikisi olmadan problemi həll edə bilər. Bir çox müşahidəçilər bu il Ermənistan və Azərbaycanda seçkilərlə bağlı danışıqlarda hansısa irəliləyiş gözləmirlər. Lakin bu o demək deyil ki, bir il də itirmiş oluruq. Düşünürəm ki, bu il yeni ideyaların hazırlanması və tərəflərlə müzakirəsi ilidir. Bu da irəliyə doğru addımdır".
Arif
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33